ELM VƏ TƏHSİL
İnformatika üzrə olimpiadanın final mərhələsi mayın 2-də keçiriləcək
Bakı, 20 aprel, AZƏRTAC
“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, olimpiadanın aprelin 5-də keçirilmiş ilk mərhələsində respublikanın 14 ali təhsil müəssisəsindən 50 komanda iştirak edib. Qaydalara əsasən, müsabiqədə ən yaxşı nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
Finalda ilk dörd yerə layiq görülən komandalar mükafatlandırılacaqlar.
Qeyd edək ki, 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiada 2007-ci ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.