ELM VƏ TƏHSİL
İngilis dili kursunu uğurla başa vuran KİV nümayəndələrinə sertifikatlar təqdim olunub
Bakı, 7 oktyabr, Xatirə Cəfərova, AZƏRTAC
“Azercell” Telekom MMC-nin “Kaspi” Təhsil Şirkəti ilə birgə reallaşdırdığı “Jurnalistlər üçün ingilis dili kursları” layihəsinin növbəti mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 7-də Bakıda kursu uğurla başa vuran kütləvi informasiya vasitələri nümayəndələrinə sertifikatlar təqdim olunub. Kurslarda yüksək nəticəyə nail olan iki KİV nümayəndəsi Böyük Britaniyada qısamüddətli kurslarda iştirak etmək hüququ qazanıb.
Azercell” Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev təmsil etdiyi qurumun media ilə sıx əməkdaşlıq əlaqələrindən danışıb.
Qeyd olunub ki, hər il 160-dan çox jurnalist bu layihədə iştirak edir və yüksək nəticə göstərən iki jurnalist ödənişsiz iki həftəlik Londonda ingilis dili kurslarına göndərilir.
“Azercell” jurnalistlər üçün dil kurslarını 2006-cı ildən təşkil edir və növbəti illərdə də bu layihə davam edəcək.
“Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev məlumat verib ki, jurnalistlər üçün ingilis dili kurslarının təşkili artıq bir ənənəyə çevrilib. Kursların məqsədi azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən maneəsiz istifadəsinə yardımçı olmaqdan ibarətdir.
Bu il 73 jurnalist xarici dil üzrə “Kaspi” Təhsil şirkətində ingilis dili kursu keçib. Kurslar 6 ay davam edib və bu müddətdə mətbuat nümayəndələrinə bir neçə səviyyədə proqram təqdim olunub. Beləliklə, media təmsilçilərinə ingilis dilində qrammatika, danışıq, dinləmə, yazı qabiliyyətlərini gücləndirmək imkanı yaradılıb.
Tədbirdə layihə üzrə yeni qrupun toplandığı elan olunub və növbəti kursun qaydaları barədə məlumat verilib.