ELM VƏ TƏHSİL
İngilis dili müəllimləri Böyük Britaniyada müasir tədris resurslarından istifadə qaydalarını öyrəniblər
Bakı, 29 mart, AZƏRTAC
Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Londonda səfərdə olub.
Səfərdə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov, “British Council” təşkilatının layihə meneceri Flora Poladova, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarının 10 ingilis dili müəllimi iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, səfərin əsas məqsədi Böyük Britaniya ekspertlərinin təcrübəsini və mövcud müasir tədris resurslarından istifadə qaydasını öyrənərək qarşılıqlı müzakirələrdə iştirak etmək, ümumtəhsil müəssisələrində dərs deyən ingilis dili müəllimlərinin peşəkar inkişafına nail olmaqdır.
Müəllimlər üçün təlimlər təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılıb. Təlim prosesində dərsin planlaşdırılması, müvafiq tədris resurslarının seçilməsi, müasir öyrənmə və tədris metodologiyaları, pedaqoji prosesin idarə edilməsi, praktik tədris bacarıqlarına yiyələnmə və digər sahələr üzrə müəllimlərə kompetensiyalar aşılanıb.
Təlimin sonunda hər bir müəllimin bacarıqları fərdi şəkildə qiymətləndirilib və müvafiq tövsiyələri əks etdirən nəticələr təlim iştirakçılarına təqdim olunub. Müəllimlərə beynəlxalq səviyyəli sertifikatlar verilib.
Səfərin özəl cəhətlərindən biri də hər bir müəllimin ingilis ailələrində qalması, həmin ailələrdə onlar üçün şəraitin təmin edilməsi, ingilis dili daşıyıcıları ilə birbaşa ünsiyyət imkanlarının yaradılması olub. Müəllimlər bir həftə müddətində ingilis ailələlərində yaşamaqla həmin xalqın adət-ənənəsi və mədəniyyəti ilə tanış olub, eyni zamanda, qaldıqları ailələrə Azərbaycanın mədəniyyəti və milli dəyərləri barədə məlumatlar veriblər.