ELM VƏ TƏHSİL
İngilis dili üzrə fənn müəllimlərinin forumu keçiriləcək
Bakı, 7 fevral, AZƏRTAC
Martın 4-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin ingilis dili müəllimlərinin forumu keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçiriləcək forumun əsas məqsədi ingilis dili fənnini tədris edən, yeni proqramlarda işləyən və nitq inkişafında digər fənlərin inteqrasiyasına üstünlük verən müəllimlərin metodik yanaşma və təcrübə mübadiləsinin təmin edilməsidir.
Qeyd edək ki, bu sahə üzrə fəaliyyət göstərən müəllimlər foruma təqdimatçı və ya iştirakçı qismində qatıla bilərlər. Həm iştirakçı, həm də təqdimatçı kimi qatılmaq istəyən müəllim forum sessiyası zamanı bir saatlıq təqdimat etməlidirlər.
Maraqlananlar fevralın 28-dək BŞTİ-nin inkişaf layihələri sektoruna müraciət edə bilərlər.