ELM VƏ TƏHSİL
“İngilisdilli ədəbiyyatda 2015-ci il yubileyləri” mövzusunda beynəlxalq konfrans
Bakı, 27 aprel, İbrahim Əsədov, AZƏRTAC
Qərb Universitetində “İngilisdilli ədəbiyyatda 2015-ci il yubileyləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, universitetin ingilis filologiyası kafedrası tərəfindən təşkil olunan tədbirdə Böyük Britaniya, İspaniya, Kanada və digər ölkələrdən alim və mütəxəssislər iştirak ediblər.
İngilis filologiyası kafedrasının müdiri Alla Bayramova tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd olunub ki, konfransın keçirilməsinin əsas məqsədi tələbələrin ingilis dilinə, dünya ədəbiyyatına olan maraqlarını daha da artırmaq, dünyagörüşlərini inkişaf etdirməkdir.
Eyni zamanda, 2015-ci ildə Böyük Britaniya ədibləri Redyard Kiplinqin 150, Ceyn Ostinin 240, Amerika yazıçısı Mark Tvenin 180 illik yubileylərinin qeyd edildiyi diqqətə çatdırılıb.
Sonra ingilisdilli ədəbiyyatın görkəmli nümayəndələrinin, o cümlədən R.Kiplinq, C.Ostin və M.Tvenin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib.
Ayrı-ayrı yazıçıların əsərlərindən nümunələr təqdim olunub.
Digər çıxış edənlər mövzu ilə bağlı fikir və mülahizələrini bildiriblər.