DÜNYA
İngiltərə Bankı yeni əsginasda heyvan yağlarından istifadə məsələsini həll edəcək
Bakı, 2 dekabr, AZƏRTAC
İngiltərə Bankı 5 funt nominal dəyərində olan plastik banknotun tərkibində heyvan yağlarının olması problemi ilə ciddi məşğuldur.
AZƏRTAC "banks.eu" saytına istinadla xəbər verir ki, vegetarian və veqan birliyinin nümayəndələri əsginasda heyvan yağının istifadəsinin qadağan olunması kampaniyasında 100 mindən çox imza toplayıb.
"Biz yeni əsginasda heyvan yağının olması ilə bağlı bəzi insanların narahatlığını başa düşürük. Vətəndaşların bu narahatlığına hörmət edirik və bu məsələyə çox ciddi yanaşırıq", - deyə İngiltərə Bankının bəyanatında bildirilir. Bank qeyd edir ki, əsginaslarda heyvan yağları istehsal prosesinin erkən mərhələsində son dərəcə az miqdarda istifadə edilir.
"Innovia Security" şirkəti dünyanın 24 ölkəsinə 80 nominalda əsginasların hazırlanması üçün əsas xammal tədarük edir. Plastik pullar bir çox digər ölkələrdə istifadə olunur, onlardan bəziləri isə, o cümlədən Avstraliya, Kanada, Rumıniya və Vyetnam tamamilə polimer banknotlara keçib.
Əvvəllər də İngiltərə Bankı 5 funt-sterlinq nominalında olan yeni plastik banknotun tərkibində heyvan yağı olduğunu demişdi.