İDMAN
İngiltərə futbol transferlərinə bir milyard funt sterlinqdən çox pul xərcləyib
Bakı, 1 sentyabr, AZƏRTAC
İngiltərə klubları yeni oyunçuların alınmasına 1,165 milyard funt sterlinq (1,4 milyard avro) xərcləyərək yay transfer pəncərəsinin rekordçuları olub. Bu, keçən il premyer-liqanın komandalarının xərclədiyi məbləğdən təxminən 300 milyon funt sterlinq çoxdur.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, yay mövsümünün ən bahalı transferi Fransa yığmasının üzvü Pol Poqbanın “Mançester Yunayted” klubuna keçməsi olub. Mankunianlar bu futbolçu oyunçuya görə İtaliyanın “Yuventus” klubuna 105 milyon avro ödəyib. Qiymətinin bahalığına görə növbəti iki yeri “Mançester Siti”nin 55 milyon avroya “Everton” klubundan transfer etdiyi Con Stounz və 50 milyon avroya “Şalke-04” klubundan aldığı Leroy Sane tutur.
Mançester klublarından başqa, transfer pəncərəsinin liderləri sırasına Londonun “Arsenal” klubu da daxil olub. Klub İsveçrə yığmasının oyunçusu Qranit Cakuya 45 milyon, “Valensiya”nın futbolçusu Şkodran Mustafiyə 41 milyon və “Deportivo”nun oyunçusu Lukas Peresə təxminən 20 milyon avro pul xərcləyib. İngiltərə çempionu “Lester” isə Rusiyanın MOİK klubunun forvardı Əhməd Musaya 18 milyon avro ödəyib.
Ekspertlər transfer məbləğinin rekord həddə çatmasına iki əsas səbəb göstərirlər. İlk olaraq İngiltərənin qrant dəstəyinə bel bağlamayan və ötən mövsümdə adlı-sanlı rəqiblərini geridə qoyan “Lester”in çempionluğu digər klubları öz heyətlərini yenidən nəzərdən keçirməyə məcbur edib. Həmçinin bəzi güclü klublarda məşqçi dəyişiklikləri də xərclərin artmasına səbəb olub. Xatırladaq ki, “Mançester Yunayted” klubunun baş məşqçisi postuna portuqaliyalı Joze Mourinyu təyin olunub. “Çelsi” klubuna italiyalı Antonio Konte, “Mançester Siti” klubuna isə ispan Xosep Qvardiola başçılıq edirlər.