İDMAN
İngiltərənin ulduz futbolçusu yeni qalmaqalla gündəmə gəlib
Bakı, 12 iyul, AZƏRTAC
İngiltərə futbolunun əfsanələri arasında adı çəkilən Pol Qaskoyn karyerasını başa vurduqdan sonra yalnız qalmaqallarla gündəmə gəlir.
AZƏRTAC “The Sun” qəzetinin saytına istinadla xəbər verir ki, spirtli içki aludəçisinə çevrilmiş məşhur idmançının son görüntülərinə təəssüflənməmək olmur. “Qazza” ləqəbli P.Qaskoyn bu günlərdə hamam xalatı ilə taksidən düşərkən görüntülənib. İçki, siqaret və ağrıkəsiçi almağa gedən Qaskoynun ayaq üstə güclə durduğu açıq-aşkar şəkillərdən də seçilir. Ayağı yalın çılpaq vəziyyətdə taksidən düşən sabiq futbolçunun heç ayaqqabısı da olmayıb.
Şahidlərin sözlərinə görə, ağlı başında olmayan İngiltərə futbolunun sabiq ulduzu evin açarını unutduğu üçün qonşulardan kömək istəyib.
2004-cü ildə futbol karyerasını başa vuran Qaskoyn İngiltərə milli komandasının formasını 57 dəfə geyinib. “Nyukasl” və “Tottenhem” kimi məhşur komandaların heyətində oynayıb.
Qırx doqquz yaşlı Qaskoyn öz dövrünün əfsanə futbolçularından olub. Qaskoyn britaniyalılar üçün Hazard, Poqba, Cerard, Şvaynştayger səviyyəsində ulduz idi. Məlum olub ki, o, dəfələrlə klinikada alkoqola qarşı müalicə alsa da, spirtli içkidən əl çəkməyib.