REGİONLAR


İnkişafın, müasirliyin, birliyin və həmrəyliyin Naxçıvan nümunəsi

A+ A

Naxçıvan, 24 noyabr, AZƏRTAC

Bu il müstəqilliyinin 25 illiyini təntənəli şəkildə qeyd edən Azərbaycan Respublikası qısa tarixi dövr ərzində çox böyük uğurlara imza atıb. Sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən respublikamız Cənubi Qafqazın lider dövlətinə çevrilib. Ötən illərdə Azərbaycan dövlətinin qazandığı ən böyük uğurlardan biri də blokada vəziyyətində, üç tərəfdən düşmən əhatəsində olan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişaf etdirilməsi, onun təhlükəsizliyinin təmin olunmasıdır. 1996-cı ilin yanvar ayının 10-da muxtar respublikada dərc edilən “Şərq qapısı” qəzetində işıq üzü görən “Tək əldən səs çıxmaz” adlı məqaləni oxuyanda bugünkü Naxçıvanın necə böyük bir inkişaf yolu keçdiyinin bir daha şahidi oluruq. Bu barədə fikirlərimizi bildirməmişdən əvvəl 20 il bundan öncə tənqidi ruhda yazılan həmin məqaləni olduğu kimi təqdim edirik.

Tək əldən səs çıxmaz

Vaxt var idi, doğma Naxçıvanımızın keçmişi ilə, onun qədim tarixi ilə fəxr etdiyimiz kimi, şəhərimizin gələcəyinə böyük ümidlərlə baxırdıq.

Gəlin heç uzağa getməyək. Yaxın keçmişə, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə nəzər salaq və olub-keçənləri xatırlayaq.

Naxçıvan özünün inkişaf dövrünə qədəm qoymuş, quruculuq-abadlıq işləri geniş vüsət almış, sabahın üfüqlərinə inamla, böyük arzularla boylanırdı. O dövrdə mikrorayonlar salındı, neçə-neçə fabrik və zavodlar istifadəyə verildi, neçə-neçə maarif, mədəniyyət ocaqları öz qapılarını xalqın üzünə açdı. Bir sözlə, tikinti, abadlıq, təmizlik işləri, necə deyərlər, qaynayıb coşurdu. “Naxçıvanı Azərbaycanın gözəl şəhərlərindən birinə çevirək” şüarı altında hər il iməciliklər keçirilir, küçə-bacalarda, xiyabanlarda, parklarda təmizlik işləri aparılır, yol kənarlarında tinglər əkilirdi. “Qızlar bulağı”, “Uşaq şəhərciyi”, “Mədəniyyət və istirahət parkı” və başqa istirahət yerləri hamının – uşaqların da, böyüklərin də ən sevimli və əyləncəli yerlərinə çevrilmişdi. “Uşaq şəhərciyi”ndəki qatar gəzintisi, “Venesiya” adlanan kanalda qayıqla gəzinti, müxtəlif karusellər körpələrin sevincinin üstünə sevinc gətirirdi. Elə ki, axşam yaxınlaşırdı, bu yerlər adamla dolu olurdu. Təəssüflər ki, son illərin ağrılı-acılı hadisələri, daxili sabitliyin pozulması, nizam-intizamın aşağı düşməsi və sair bu kimi hallar iqtisadiyyata olduğu kimi, mənəviyyatımıza da, mədəniyyətimizə də böyük zərbələr vurdu.

Şəhərdə gedən dağıntılara, parkların, xiyabanların, küçələrin bərbad vəziyyətə düşməsinə, yaşıllıqların kor-koranə məhv edilib yerində komisyon mağazalarının və köşklərin yan-yana düzülməsinə, görəsən, kim cavabdehlik daşıyır? Əlbəttə, özümüz. Özümüz deyəndə ki, camaat, şəhərin aid təşkilatları və onların rəhbərləri.

Elə bilməyin ki, biz ticarətin, alış-verişin, komisyon mağazaların əleyhinəyik. Yox, amma hər addımı atmamışdan əvvəl gərək götür-qoy edəsən. Atalar demişkən, yüz ölçüb, bir biçəsən.

Əgər şəhərdaxili yollarda, küçələrdə hərə dəmir bir köşk qoyub alver edirsə, ətrafa yığın-yığın mer-meyvə qabığı, kağız-kuğuz, xarab olmuş tərəvəz kolları, kartof, kələm qalıqları atılırsa, onda hansı təmizlikdən danışmalıyıq? Əgər yollarda, məhəllələrdə nəzarətsiz ət kəsilirsə, mal-heyvanın qanı, zir-zibili ətrafa dağıdılırsa, kimi günahkar bilməliyik? Əgər yarmarkalarda, bazarlarda, yollarda kababın iyi ötüb keçənləri, qocaları, xəstələri, uşaqları bihuş edirsə (özü də indiki bahalıq və qıtlıq dövründə), bunu kimin ayağına yazmaq lazımdır?

Lakin son günlər çoxlarının dilindən bu kəlmələr tez-tez eşidilir:

– Bax belə, muxtar respublikanın yeni rəhbərliyinin bu günlər həyata keçirdikləri tədbirlər ürəyimizcədir. Vallah-billah yollardan ötüb keçə bilmirdik. Adam uşaqdan da utanırdı. Yollara səpələnmiş köşklərin götürülməsinin tərəfdarıyıq. Yaxşı olar ki, onlar ayrıca bir yerə cəmləşdirilsin və orada alqı-satqı işləri davam etdirilsin.

Həqiqətən, son illər şəhərimizin siması adama heç də xoş gəlmir. Naxçıvan bir neçə il bundan qabaqkı şəhərə bənzəmir. Küçə-bacalar, xiyabanlar toz-torpaq, zir-zibil içərisindədir. Çox yerdə antisanitariya vəziyyəti hökm sürür. Belə-belə işlər şəhərimizə gələn qonaqların, xarici nümayəndələrin qətiyyən xoşuna gələ bilməz. Özünü bu elin, bu torpağın qeyrətli oğul və qızları adlandıranlar şəhərimizdəki indiki vəziyyətə, onun bu kökə düşməsinə gərək dözməsinlər. Gəlin elə günü sabahdan, yaxud şənbə və bazar günləri qollarımızı çırmayıb doğma Naxçıvanımızın təmizliyi, abadlığı, onun gözəlliyi uğrunda işə başlayaq. Elliklə küçələrə, xiyabanlara, yaşadığımız məhəllələrə çıxıb təmizlik işləri ilə məşğul olaq. Mənə elə gəlir ki, kənardan heç kəs gəlib bizim bu işlərimizi yönünə qoymayacaq, özümüzdən savayı.

Şəhərimiz evimizdir bizim. Evimizin təmizliyi mənəviyyatımızın saflığı, sağlamlığımızın rəhni deməkdir. Atalardan belə bir misal var: “Tək əldən səs çıxmaz”. Hamımız əl-ələ verib bu işləri görməliyik.

Və bugünkü Naxçıvan şəhəri...

Ürək yanğısı ilə qələmə alınan bu məqaləni oxuyanda həmin dövrün Naxçıvanını bir daha xatırlayırıq. Məqalənin dərc olunduğu tarixə diqqət yetirdikdə isə onun yenilikçi düşüncənin ilk qığılcımlarının göründüyü günlərə təsadüf etdiyini, məhz bundan güc alaraq yazıldığını anlamaq çətin deyil. Yazıda Naxçıvan şəhərində, əslində isə həm də bütün muxtar respublikada mövcud olan ciddi problemlər əsaslandırılmış şəkildə ortaya qoyulmaqla bu vəziyyətdən çıxış yolunun yalnız el birliyində olduğu vurğulanıb. Bunun üçün nümunənin də mövcud olduğu qeyd edilib. Bu, dahi şəxsiyyət Heydər Əliyevin keçmiş sovet dövründə gördüyü işlər, həyata keçirdiyi tədbirlər idi.

Bəli, biz yalnız Onun yolu ilə getməli, Onun ideyalarına söykənməli, Onun siyasi məktəbinin layiqli məzunlarının çağırışına səs verməli idik. Bu, dövrün tələbi olmaqla yanaşı, həm də cəmiyyətdən gələn ictimai sifariş idi. Lakin qaranlıqda yol qət etmək istəyənlərin yolgöstəriciyə ehtiyacı olduğu kimi, belə məqamlarda da mayak kimi parlayan ideyalara böyük ehtiyac var idi. Nəticəni isə yalnız yüzlərlə insanın həmin ideya ətrafında birləşməsi, mövcud vəziyyətin dəyişməsi üçün əl-ələ verməsi, birgə amal, birgə məqsəd naminə çalışması dəyişə bilərdi. Çünki, həqiqətən də, tək əldən heç vaxt səs çıxmaz. Çünki güc birlikdədir...

Qeyd etdiyim kimi, məqalədə ulu öndər Heydər Əliyevin keçmiş ittifaq dönəmində respublikamıza rəhbərlik etdiyi dövrə həsrətlə nəzər salınır və həmin dövrdə olub-keçənlər sanki bir əfsanə kimi xatırlanır. Məqalədə deyilir: “Həmin illərdə Naxçıvan özünün inkişaf dövrünə qədəm qoymuş, quruculuq-abadlıq işləri geniş vüsət almış, sabahın üfüqlərinə inamla, böyük arzularla boylanırdı. O dövrdə mikrorayonlar salındı, neçə-neçə fabrik və zavodlar istifadəyə verildi, neçə-neçə maarif, mədəniyyət ocaqları öz qapılarını xalqın üzünə açdı. Bir sözlə, tikinti, abadlıq, təmizlik işləri, necə deyərlər, qaynayıb coşurdu. “Naxçıvanı Azərbaycanın gözəl şəhərlərindən birinə çevirək” şüarı altında hər il iməciliklər keçirilir, küçə-bacalarda, xiyabanlarda, parklarda təmizlik işləri aparılır, yol kənarlarında tinglər əkilirdi”.

Bu sətirləri oxuyanda, düşünürsən ki, müəllif sanki bugünkü Naxçıvanı tərənnüm edir. Bu gün muxtar respublika və onun paytaxtı Naxçıvan şəhəri özünün inkişaf dövrünü yaşayır. 1970-80-ci illərdə olduğu kimi, sabahın üfüqlərinə inamla, böyük arzularla boylanır, tikinti, abadlıq, təmizlik işləri, necə deyərlər, qaynayıb coşur. İnamla deyə bilərik ki, bu gün Naxçıvan ölkəmizin və dünyanın ən gözəl şəhərləri sırasına daxil olub. Bu fikir bu gün şüarlarda deyil, həyatda öz təsdiqini tapıb. Bu gün hər il deyil, hər həftə Naxçıvan şəhəri ilə bərabər, bütün muxtar respublikada iməciliklər keçirilir, küçə və parklarda təmizlik işləri aparılır, yol kənarlarında, xüsusi ayrılmış sahələrdə tinglər əkilir.

Bu gün muxtar respublikamızda, o cümlədən Naxçıvan şəhərində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri qədim diyarımızı cənnətməkana çevirib. Naxçıvan şəhərinin qədimliyi və klassik üslubu harmonik şəkildə müasir memarlıq nailiyyətləri ilə birləşib. Bütün bunlar Naxçıvanın regionun ən gözəl şəhərləri sırasında yerini daha da möhkəmləndirməsinə töhfə verir. Bu gün Naxçıvan şəhərində reallaşdırılan layihələr nəticəsində muxtar respublikanın paytaxtının müasir siması yaradılıb, şəhər sakinlərinin, bura gələn qonaqların istirahətinin yüksək səviyyədə təşkili üçün yeni məkanlar qurulub, mövcud olanlar isə müasir səviyyədə abadlaşdırılıb.

Naxçıvana gələn yüksək səviyyəli qonaqların, nüfuzlu alimlərin də qeyd etdiyi kimi, muxtar respublikanın paytaxtı qısa müddətdə əsaslı surətdə yenidən qurulub. Şəhərsalmada xüsusi diqqət yetirilən kərpic və şəbəkə elementləri burada Şərq memarlıq ənənələrini, şüşə və metal konstruksiyalardan istifadə isə Qərb inşaat texnologiyalarını üzvi vəhdətdə yaşatmağa xidmət edir. Müasir Naxçıvan Şərq mühitinin özünəməxsus aurasını və qərbyönlü inkişafın əsas meyillərini cəm halda təcəssüm etdirir. Naxçıvan şəhərində əsaslı şəkildə bərpa edilmiş XIX əsrə məxsus Came məscidi, Zaviyə-mədrəsə binası, Naxçıvanqala, Xan sarayı, Möminə xatın, Yusif Küseyiroğlu və Nuh türbələri, İsmayılxan hamamı qədimlik ənənəsinin örnəkləridir. Görkəmli şair-dramaturq Hüseyn Cavidin şəbəkə ilə işlənmiş türbəsi də bu ənənələrdən bəhrələnərək ucaldılıb.

Bununla yanaşı, 1995-ci ildən 2016-cı il oktyabrın 1-dək Naxçıvan şəhərində tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş obyektlər bir Şərq şəhərindəki Qərb inşaat nümunələridir. Qeyd olunan dövrdə Naxçıvanda 67 təhsil obyekti inşa olunub və ya yenidən qurulub. Onlardan 22-si ümumtəhsil məktəbi, 11-i ali təhsil müəssisəsi (korpuslar daxil edilməklə), 3-ü elm ocağı, 11-i uşaq bağçası, 7-si musiqi məktəbi, 7-si məktəbdənkənar müəssisə, 6-sı isə peşə və orta ixtisas məktəbi binalarıdır. Aparılan quruculuq işləri bununla yekunlaşmayıb. Naxçıvan şəhərində 30 səhiyyə, 66 mədəniyyət, 13 idman obyekti inşa olunub.

Onu da qeyd etmək lazımdır ki, bu obyektlərin tikintisinə və onların maddi-texniki bazasının formalaşdırılmasına xeyli vəsait sərf olunub. Çünki bu tikililər və orada fəaliyyət göstərən müəssisələr bu günümüz və gələcəyimiz üçün strateji əhəmiyyət daşıdığından maddi-texniki təminatları yüksək səviyyədə təşkil edilib. Bu gün Naxçıvanda nə iş görülürsə, bu, ən mükəmməl şəkildə icra olunur. Məsələn, bir təhsil və ya səhiyyə müəssisəsi inşa olunaraq istifadəyə verilirsə, buranın avadanlıqları da müasir tələblərə cavab verəcək şəkildə təmin edilir.

Naxçıvan şəhərinin bu səviyyəyə yüksəlməsində 2014-cü il yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram” xüsusi rol oynayıb. Bu proqramın icrası nəticəsində inzibati binalar tikilib və təmir edilib, şəhərin istilik, su təchizatı və kanalizasiya sistemi yenilənib, elektrik enerjisi və qaz təchizatı yüksək səviyyədə təmin olunub, yol təsərrüfatı və nəqliyyat sahəsi müasir standartlara uyğunlaşdırılıb, yaşıllaşdırma və abadlıq işləri davam etdirilib, gənclər və idman, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazalarının daha da gücləndirilməsi, yaşayış sahələrinin tikintisi və təmiri istiqamətində kompleks işlər görülüb.

Naxçıvan şəhərinə daxil olan kənd və qəsəbələrdə də kompleks infrastruktur quruculuğu tədbirləri həyata keçirilib. Son olaraq bu il noyabrın 1-də Naxçıvan şəhərinin Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində yeni içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, Bulqanda kənd və xidmət mərkəzlərinin açılışı olub. Bu, gündən-günə böyüməkdə olan Naxçıvan şəhərinin daxilində gələcəkdə rayonlaşdırmanın aparılmasına və şəhər idarəçiliyinin çoxmərkəzli təşkilinə hesablanmış addımdır. İnzibati ərazi dairələri üzrə nümayəndəliklər üçün binaların, kənd mərkəzlərinin tikintisi yerli inzibati idarəçiliyin daha yaxşı təşkilinə, əhalinin qarşılaşdığı problemlərin operativ həllinə, inzibati orqanlarla əhali arasında ünsiyyətin mobilliyinə təkan verib.

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvançay vadisində insanların istirahətinin səmərəli təşkili məqsədilə yeni əyləncə və istirahət mərkəzi inşa edilib. Naxçıvan şəhərində bir uşaq istirahət mərkəzinin fəaliyyət göstərməsi şəhər sakinlərinin tələbatını tam ödəmirdi. Ona görə də muxtar respublikanın paytaxtında yeni əyləncə və istirahət mərkəzinin yaradılmasına ehtiyac yaranmışdı. İki il bundan əvvəl istifadəyə verilən mərkəzin yerləşdiyi ərazi vaxtilə müxtəlif məqsədlər üçün istifadə edilib və sonradan çox yararsız vəziyyətə düşmüşdü. Lakin dövlətimizin diqqət və qayğısı nəticəsində bu ərazi artıq Naxçıvan şəhərinin ən abad yerlərindən birinə çevrilib.

Mərkəzdə müasir avadanlıqlar qurulub, təhlükəsizlik təmin edilib. Bu da uşaqların və böyüklərin istirahətlərini, eləcə də asudə vaxtlarını səmərəli keçirmələrinə imkan verir. Uşaqların ən sevimli əyləncə məkanı hər axşam insanlarla dolub-daşır.

Son illər Naxçıvan şəhərinin ətrafında yaradılan istirahət mərkəzlərində də sakinlərin və qonaqların asudə vaxtları səmərəli təşkil olunur. 2014-cü il iyulun 7-də istifadəyə verilən Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi isə yay-istirahət zonası kimi şəhər sakinlərinin və gənclərin asudə vaxtının səmərəli keçirilməsinə, onların sağlamlıqlarının qorunmasına xidmət edir.

“Tək əldən səs çıxmaz” məqaləsinin müəllifinin ağrılı-acılı hadisələrdən, daxili sabitliyin pozulmasından, nizam-intizamın aşağı düşməsindən ürək yanğısı ilə yazması başadüşüləndir. Çünki bu, həmin dövrün reallıqları idi. Bu gün isə qarşımızda tamamilə başqa mənzərə canlanır. Bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda mövcud ictimai-siyasi sabitlik, asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, kriminogen durumun sabitliyi ötən müddətdə qazandığımız ən böyük nailiyyətlərdən biridir. Naxçıvan əhalisi mövcud vəziyyəti alqışlayır. Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublika sakinləri bir çox təhlükələrlə üz-üzə qalıblar. Həmin vaxtlar bir tərəfdən ermənilərin müxtəlif yaşayış məntəqələrinə ardıcıl hücumları, torpaqlarımızın işğal edilməsi təhlükəsi insanları narahat edirdisə, digər tərəfdən Naxçıvan şəhərində, eləcə də rayon mərkəzlərində və kəndlərdə cinayətkarlığın baş alıb getməsi dəhşətli bir vəziyyətin yaranmasına səbəb olmuşdu. Bu gün isə muxtar respublika cinayətsiz region, paytaxt Naxçıvan şəhəri isə dünyanın ən təhlükəsiz şəhərlərindən biridir.

Muxtar respublikamızdakı yüksək nizam-intizamı isə təkcə biz deyil, Naxçıvana qonaq gələn hər kəs xüsusi vurğulayır. Naxçıvana gələn həmkarlarımdan dəfələrlə eşitdiyim bu sözlər isə reallığı ifadə edir. Onlar deyirlər: “Təyyarədən Naxçıvana enəndə elə ilk anlardan hiss edirsən ki, muxtar respublikada ciddi nizam-intizam mövcuddur. Hər kəs öz işini lazımi səviyyədə, qaydalara, qanunlara uyğun görməyə çalışır. Heyranedici bu mənzərəni Naxçıvan Beynəlxalq Hava Limanının möhtəşəm binası, yüksək səviyyədə yaradılmış yol infrastrukturu, gözəlliyə qərq olmuş Naxçıvan şəhəri və muxtar respublikanın şəhərləşən, müasirləşən kəndləri tamamlayır. Burada vaxt insanın yox, insan vaxtın hakimidir”.

Bəli, bugünkü Naxçıvan məhz belədir. Onu da xatırladım ki, bu il muxtar respublikamızda “Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunub. Bu da təsadüfi deyil. Çünki bütün dövrlərdə inkişafın, yüksəlişin, uğurların başlıca səbəbi və aparıcı qüvvəsi hesab olunan nizam-intizam ölkədə, cəmiyyətdə, iş yerimizdə qaydalara, qanunlara şüurlu şəkildə əməl olunmasının vacibliyini ön plana çəkir. Nizam-intizam yüksək tələbkarlığın, prinsipiallığın, yorulmaz fəaliyyətin, əqidə bütövlüyünün, dərin sədaqətin və nəhayət, vətənpərvərliyin tamamlayıcı amili kimi daim diqqəti cəlb edir, rəğbət yaradır. Nizam-intizamın olmadığı diyarlarda, ölkələrdə xaos, anarxiya, özbaşınalıq kimi arzuolunmaz dağıdıcı meyillər yaranır, faciələrə yol açan hadisələr baş verir. Yəni nizam-intizam inkişafla yanaşı, həm də davamlı sabitliyin, əmin-amanlığın açarıdır. Məlumdur ki, sabitliyin olmadığı yerdə nailiyyətlərdən söhbət belə gedə bilməz. Muxtar respublikamızda əldə olunan böyük uğurların əsaslı səbəblərindən biri də burada nizam-intizamın olmasıdır.

Həmin məqalənin işıq üzü gördüyü illərdə Naxçıvan şəhərində “komisyon mağazalarının və köşklərin yan-yana düzülməsindən” şikayət edən müəllif haqlı olaraq sual edir: “Əgər şəhərdaxili yollarda, küçələrdə hərə dəmir bir köşk qoyub alver edirsə, ətrafa yığın-yığın mer-meyvə qabığı, kağız-kuğuz, xarab olmuş tərəvəz kolları, kartof, kələm qalıqları atılırsa, onda hansı təmizlikdən danışmalıyıq?” Həmin dövr üçün ən aktual məsələlərdən biri də bu idi. Xatırlayanlar yaxşı bilirlər: həmin illərdə Naxçıvan şəhəri elə bir dəhşətli vəziyyətə düşmüşdü ki, buranın abadlaşacağını və dünyanın ən təmiz şəhərlərindən birinə çevriləcəyini təsəvvür belə etmək mümkün deyildi. Hər addımda əcaib formada olan dəmir köşklər bir tərəfə, onların ətrafında, sözün həqiqi mənasında, yaradılmış zibilxanalar insanlarda ikrah hissi yaradırdı. Sanki 5 minillik şəhər mədəniyyətinin daşıyıcıları olan insanlar hansısa “sehrli” bir qüvvənin təsiri ilə şəhərin dağıdılmasına, xarabazara çevrilməsinə göz yumur, buna əhəmiyyət vermirdilər. “Bu qüvvə” isə müəllifin qeyd etdiyi kimi, “son illərin ağrılı-acılı hadisələri” ilə yanaşı, blokadanın yaratdığı çətinliklər, əhalinin rifah səviyyəsinin kəskin şəkildə aşağı düşməsi idi. Bu hallar mənəviyyatımıza, şəhər mədəniyyətimizə də təsirsiz ötüşmürdü.

İnkişaf edən, iqtisadi cəhətdən güclənən Naxçıvanda bu gün əhalinin sosial rifah səviyyəsi həmin dövrlə müqayisə olunmayacaq dərəcədə yüksəlib. Bu gün şəhərdə hər tərəfdə, necə deyərlər, “alaq otu kimi cücərən” köşklər də yoxdur. Onların yerində gözoxşayan binalar ucalıb, gözəl yollar salınıb, müasir obyektlər inşa olunub. Şəhərdə fəaliyyət göstərən ticarət mərkəzləri isə həm görkəmi, həm də təmizliyi ilə diqqəti cəlb edir. Əlaqədar qurumlarla yanaşı, muxtar respublika sakinləri də təmizliyə xüsusi diqqət yetirirlər. Bu gün küçədə gedən hər hansı bir şəxs əlindəkini təmizlik qabına deyil, yerə atarsa, dərhal ictimai qınaqla qarşılaşır. Çünki Naxçıvan sakinləri şəhərlərimizin, kəndlərimizin bizim evimiz olduğu düşüncəsini artıq mənimsəyiblər. İnsan öz evinə necə münasibət göstərirsə, sakinlər də şəhərlərimizin, kəndlərimizin təmizliyinə bu cür münasibət göstərirlər.

Qədim şəhərin qonaqlarının, xarici nümayəndələrin diqqətini çəkən məsələlərdən biri də paytaxt Naxçıvan şəhərinin gözəlliyi ilə yanaşı, həm də təmizliyi, abadlığıdır. Hər biri etiraf edir ki, bu gün Naxçıvan hətta onların ölkələrindəki şəhərlərdən də qat-qat təmizdir. Əlbəttə, bu, hər birimizdə fəxarət hissləri yaratmaqla bərabər, daxilimizdə bu işləri görənlərə, Naxçıvanı düşdüyü o çox çətin, ağır, dəhşətli vəziyyətdən bu səviyyəyə yüksəldənlərə sonsuz minnətdarlıq hissləri yaradır. Həmin insanlar bu möhtəşəm işləri ilə tarixə adlarını qızıl hərflərlə yazıblar.

2018-ci ildə daha bir qürurlu hadisənin şahidi olacağıq. Həmin il Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı statusunu təhvil alacaq. Müxtəlif tarixi mərhələlərdə yaranmış, dövrün ictimai-siyasi şəraiti nəticəsində formalaşmış və Naxsuana, Aksuana, Nəşavə, Nəqçuan, Naxçirvan, Naxcivan, Nəqşi-cahan kimi adlarla tarixdə yer alan, sivilizasiyanın beşiyi olan Naxçıvan şəhəri bu dəfə İslam mədəniyyətinin paytaxtı kimi dünyada şan-şöhrət qazanacaq. Naxçıvan bu ada layiqdir. Çünki bu şəhər keçmişdə də, bu gün də mədəniyyətin beşiyi kimi tanınır. 25 ildir blokadada yaşayan Naxçıvan həmrəyliyin, birliyin nümunəsini göstərən yurd yeridir. Biz həmişə “tək əldən səs çıxmaz” deyərək təkcə muxtar respublikamızı, ölkəmizi deyil, bütün dünyanı birliyə, həmrəyliyə dəvət edirik. Arzumuz budur ki, bütün dünya Naxçıvan şəhəri kimi təmiz, abad və təhlükəsiz olsun.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.