ELM VƏ TƏHSİL


İnnovativ məhsulların istehsalata tətbiqi məsələsi müzakirə olunub

Bakı, 6 sentyabr, AZƏRTAC 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Təcrübə-Sənaye Zavodunda (TSZ) olublar.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, zavodda müxtəlif innovativ məhsulların istehsal prosesi ilə yaxından tanış olan mərkəzin əməkdaşlarına qiymət, keyfiyyət və rəqabət üstünlükləri, istehsal prosesinin beynəlxalq ISO sertifikatlarına tam cavab verməsi və əlverişli infrastruktur imkanları barədə ətraflı məlumat verilib. Qonaqlar, həmçinin TSZ ərazisində yerləşən sürtgü yağları, Əmtəə Parkı, AMEA-nın Elm və Texnologiya Parkı, laboratoriyalar və qablaşdırma prosesi ilə də tanış olublar. Onlara yüksək rəqabət üstünlükləri olan akademiyanın elektron idarəetmə sistemləri və proqram təminatı ilə hazırlanan müxtəlif innovativ layihələr təqdim edilib.

Sonra mərkəzin əməkdaşları AMEA rəyasət heyəti aparatının işlər idarəsinin müdiri Fətəli Abdullayevlə görüşüblər.

Görüşün məqsədi ölkəmizdə aparılan iqtisadi islahatlarda AMEA-nın rolunun öyrənilməsi olub.

Söhbət zamanı AMEA-nın məhsullarına tələbin formalaşdırılması, innovativ məhsulların istehsalata tətbiq edilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının öyrənilməsi kimi bir sıra mühüm məsələlər diqqət mərkəzində olub.

Görüşdə dövlətimizin başçısının apardığı iqtisadi islahatlara töhfə vermək və milli iqtisadiyyatın inkişafında elmin rolunu artırmaq məqsədilə AMEA və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.