ELM VƏ TƏHSİL


“İnşaat mühəndislərinin peşə inkişafına yardım” İctimai Birliyinin təqdimatı olub

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnşaat mühəndislərinin peşə inkişafına yardım” (ACE) İctimai Birliyinin Avropa Şurasının Baş Assambleyasına üzv qəbul edilməsi münasibətilə tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev ACE İctimai Birliyinin Bakıda AZMİU-nun təşəbbüsü ilə yaradıldığını bildirib. İctimai birliyin ərsəyə gəlməsində AzMİU-nun rektoru Gülçöhrə Məmmədovanın rolu vurğulanıb. Qeyd edilib ki, bu qurumun yaradılmasında məqsəd inşaat sektorunda çalışan insanları, mütəxəssisləri bir araya yığmaq, bu sahədə olan nailiyyətləri paylaşmaq, mövcud problemlərin həllinə birlikdə nail olmaqdır.

Avropa Şurası Baş Assambleyasının iyunun 2-3-də Türkiyə İnşaat Mühəndisləri odası tərəfindən təşkil edilən 65-ci toplantısında ACE İctimai Birliyinin bu quruma üzv qəbul edildiyi diqqətə çatdırılıb. İctimai Birliyin idarə heyətinin sədri Aydın Piriyev SSRİ dağıldıqdan sonra quruma Latviya, Estoniya, Litva, Rusiya, Gürcüstan, Ukraynanın aidiyyəti qurumlarının daxil olduğunu deyib. Bildirib ki, quruma daxil olan 27-ci ölkə isə Azərbaycandır.

A.Piriyev ictimai birliyin məqsəd və vəzifələri barədə də danışıb. Qeyd olunub ki, ACE-nin əsas məqsədi inşaat mühəndislərinin peşə bilikləri və bacarıqlarının, inşaat mühəndisi peşəsinin nüfuzunun artırılmasına yardım göstərmək, Azərbaycan Respublikasının aidiyyəti dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlığını həyata keçirmək, investisiya-tikinti fəaliyyətinin qanunvericilik və normativ hüquqi bazasının hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək, müvafiq sahələrdə beynəlxalq təcrübəni öyrənməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.