İQTİSADİYYAT
İnşaat və memarlığın tərəqqisinə xidmətdə keçən otuz il VİDEO
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun (AzİMETİ) yaranmasının 30 illik yubileyi tamam olur. Bu münasibətlə oktyabrın 16-da Bakıda “İnşaat və memarlıqda elmi-texniki tərəqqi” mövzusunda Beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Elmar Hüseynzadə yubiley münasibətilə institutun kollektivini təbrik edərək yaradıcılıq nailiyyətləri arzuladı. Qeyd etdi ki, institut fəaliyyət göstərdiyi 30 ildə tikinti və memarlıq sahəsində böyük elmi tədqiqatlar aparıb və alınan nəticələr təcrübədə uğurla tətbiq olunub. Güclü elmi potensiala malik institutda bu gün də istedadlı gənc elmi kadrlar yetişdirilir.
Respublikada son illər böyük vüsət almış tikinti –quruculuq işlərinə toxunan E.Hüseynzadə bu istiqamətdə aparılan dövlət siyasətindən danışaraq dedi: Hazırda ölkəmizin bütün bölgələrində inkişafa nail olunub, regionların siması əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikinti və şəhərsalma sahəsində nəhəng layihələr reallaşdırılıb, eyni zamanda Bakıda dünya memarlığının inciləri sayılan binalar inşa edilib. Paytaxtımız müasirliyin və klassikliyin vəhdətini özündə birləşdirən gözəl şəhərə çevrilib. Bu uğurlarda İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun da özünəməxsus payı var.
AzİMETİ-nin direktoru Abdı Qarayev qurumun yarandığı gündən görülən işlər, aparılan tədqiqatlar və qazanılan nailiyyətlərlə bağlı konfrans iştirakçılarına geniş məlumat verdi. Vurğuladı ki, rəhbərlik etdiyi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu fəaliyyəti dövründə geniş elmi tədqiqatlar apararaq əməli təkliflər irəli sürüb. Bu illər ərzində paytaxtda və digər regionlarda bina və infrastrukturların yenidən qurulması, layihələndirilməsi, yeni inşaat konstruksiyaların yaradılması və tətbiqində kollektivin hər bir üzvünün məxsusi əməyi var. Son zamanlar çoxmərtəbəli binaların tikintisi və layihələndirilməsi üçün texniki şərtlər hazırlanıb. Bununla yanaşı, institut tikinti sahəsində normativ bazanın təkmilləşdirilməsində də yaxından iştirak edib.
Konfransda çıxış edən Ukrayna Memarlıq Elmi–Tədqiqat İnstitutunun rəhbəri, professor Qennadi Farenyuk Azərbaycanda aparıcı elmi müəssisələrdən biri kimi tanınan institutun fəaliyyətini yüksək qiymətləndirdi. Ukraynalı alim dedi ki, Azərbaycanda müşahidə olunan hərtərəfli tərəqqinin əsasında dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar, tətbiq edilən yeniliklər və inkişaf modelləri dayanır. Azərbaycanın bu təcrübəsindən digər ölkələr də yararlana bilər.
Konfransda Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan və Gürcüstandan dəvət olunmuş alim və mütəxəssislər iştirak edirdilər.