İQTİSADİYYAT
İnşaatçılar prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı tədbirlər görülüb
Bakı, 25 aprel, AZƏRTAC
İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə tıxacların aradan qaldırılması və nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün Naxçıvani və Abdulla Şaiq küçələrindən “Statistika” dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri birbaşa İnşaatçılar prospektindəki dairəyə daxil olaraq, sıxlıq yaratmayacaqlar.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, buna səbəb prospektdə səki daşları ilə əhatə olunan təhlükəsizlik zolağının quraşdırılmasıdır.
Bundan sonra həmin nəqliyyat vasitələri ancaq düzünə İnşaatçılar prospektinə daxil olaraq “Hyatt Regency” oteli istiqamətində və İnşaatçılar prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra sağa dönərək Bəsti Bağırova küçəsi ilə hərəkətlərinə davam edə biləcəklər. Naxçıvani küçəsindən gələrək İnşaatçılar prospekti Dövlət Statistika komitəsinin qarşısında yerləşən dairəyə daxil olmaq istəyən nəqliyyat vasitələri sola Abdulla Şaiq küçəsinə dönməlidirlər.
İnşaatçılar prospekti “Hyatt Regency” oteli tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin Dövlət Statistika Komitəsi dairəsində maneəsiz şəkildə hərəkəti üçün də müəyyən işlər görülüb. Belə ki, dairə ilə üzbəüz nişanlanma xətləri ilə çəkilmiş təhlükəsizlik zolaqların ölçüləri kiçildilib.
Nəticədə dairə ilə zolaqlar arasındakı məsafə, yəni, yolun hərəkət hissəsi bir neçə metr genişləndirilib. Artıq İnşaatçılar prospektindəki dairədə zəruri olan yerlərdə nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.