CƏMİYYƏT
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il 70 nəfərə yardım göstərib
Bakı, 1 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə 70 şəxs ehtiyac duyduqları yardımlarla təmin olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlardan 50 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları, 20 nəfərini isə qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş insan alverinin qurbanına çevrilmək təhlükəsi olan insanlar təşkil edib. Bu şəxslər mərkəzin xidmətləri ilə əhatə olunub və onlardan bir çoxuna ehtiyacları nəzərə alınmaqla eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. Ümumilikdə 30 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 13 nəfərə tibbi yardım göstərilməsi təmin edilib, 31 nəfərin məşğulluğuna, 15 nəfərin peşə hazırlığına cəlb olunmasına müvafiq kömək göstərilib. Bu insanların əksəriyyətinin sosial reabilitasiyasına nail olunub, eləcə də insan alverinin qurbanına çevrilmək təhlükəsi aradan qaldırılıb. İnsan alveri qurbanlarının və insan alverinin qurbanına çevrilmək təhlükəsi ilə üzləşmiş şəxslərin bir hissəsi ilə işlər isə davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na əsasən, mərkəz ölkəmizin bölgələrində yerləşən peşə məktəbi və liseylərdə, gənclər və idman idarələrində, cəzaçəkmə müəssisələrində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər həyata keçirib. Tədbirlərin iştirakçılarına insan alveri və insan alverinə qarşı mübarizə, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və s. barədə məlumatlar verilib. Onlara buklet və kitabçalar, aidiyyəti mövzuda sosial çarxı əks etdirən disklər təqdim olunub. Həmçinin sərhəd-nəzarət buraxılış məntəqələrinə insan alveri ilə mübarizə mövzusunda məlumat xarakterli kitabçalar, bukletlər paylanıb, həmin məntəqələrdə bu mövzuda posterlər quraşdırılıb.