DÜNYA
İnsan başının digər bədənə köçürülməsi ilk dəfə Rusiyada reallaşa bilər VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
İtaliyalı neyrocərrah Sercio Kanavero hökumətdən razılıq aldığı təqdirdə, rusiyalı Valeri Spiridonovun başını digər insanın bədəninə köçürülməsi əməliyyatını keçirməyə hazırdır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyatın siyasi əhəmiyyətini vurğulayan Kanavero bir insanın başının digərinin bədəninə köçürülməsi üzrə ilk əməliyyatın aparıldığı ölkənin adının dünya tarixinə iri həriflərlə yazılacağını qeyd edib.
Neyrocərrah əməliyyatın texniki təfərrüatları barədə danışarkən pasientin başının 10-15 selsi dərəcəyədək soyudulacağını və bundan sonra onu 1 saat ərzində başqa bədənə “tikməyin” vacib olduğunu bildirib. Onun sözlərinə görə, Valerinin başı öz bədənindən ayrılandan bir neçə saniyə sonra yeni bədənə qoyulacaq, qan damarları bir neçə dəqiqə ərzində birləşdiriləcək, beyinin qan dövranı isə təxminən 15 dəqiqə ərzində bərpa ediləcək.
Nadir genetik xəstəlikdən əziyyət çəkən Valeri Spiridonov başın köçürülməsi üzrə əməliyyata razılıq verən ilk insandır. Xəstəlik nəticəsində onun əzələlərinin inkişafı dayanıb və səhhəti getdikcə ağırlaşmağa başlayıb. Bu səbəbdən də Valeri insan başını digər sağlam bədənə köçürməyə qadir olduğunu iddia edən Turin Universitetinin mütəxəssisi Sercio Kanaveroya müraciət etmək qərarına gəlib.