CƏMİYYƏT
İnsan beyni yuxuda da işləməkdə davam edir
Bakı, 13 sentyabr (AZƏRTAC). Pyer, Kembric və Mariya Küri universitetlərinin tədqiqatçılarının birgə apardıqları elmi təcrübələr nəticəsində müəyyən olunub ki, yuxu zamanı insan beyni işləməkdə və ətraf mühitdən daxil olan informasiyanı almaqda davam edir. Ekspertlər bunu xüsusi texnikanın köməyi ilə apardıqları tədqiqat nəticəsində müəyyən ediblər.
Onların apardıqları tədqiqatda 18 könüllü iştirak edib. Könüllülər ayıq vəziyyətdə heyvanların və əşyaların adlarını sadalayan müəyyən audioyazını bir neçə dəfə dinləyiblər. Onlar audioyazını dinləyəndən sonra müvafiq düymələri basıblar.
Sonra tədqiqatda iştirak edənlər yatıblar və düymələrdən istifadə edə bilməyiblər. Bununla belə insanlar yuxuda olarkən audioyazını dinləyərək səslərə eyni qaydada reaksiya verməyə davam ediblər. Beləliklə, onların beyni alimlərin tapşırıqlarını yerinə yetirib.