CƏMİYYƏT


İnsan hüceyrələri atlasının yaradılması layihəsinə start verilib

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC

Beynəlxalq alimlər qrupu İnsan Hüceyrələri Atlası (Human Cell Atlas) layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində orqanizmdə olan bütün hüceyrə tiplərini səciyyələndirmək nəzərdə tutulur. Miqyasına görə bu layihə Ceyms Uotsonun rəhbərliyi ilə 1990-cı ildə start götürmüş “İnsan genomu” layihəsi ilə müqayisə edilə bilər.

AZƏRTAC “sanger.ac.uk” saytına istinadla xəbər verir ki, orqanizm çoxlu hüceyrələrdən ibarətdir. Yeri gəlmişkən, onların dəqiq sayı məlum deyil. Hüceyrələr böyüyür, bölünür, ayrılır, fərqlənir və müxtəlif funksiyaları yerinə yetirir. Müxtəlif tip hüceyrələr birləşərək, toxuma və orqanlar yaradır. Hüceyrələr son vaxtlara qədər əsasən mikroskopik üsulla tədqiq edilirdi, lakin indi vəziyyət dəyişib.

Belə bir atlasın yaradılması texnologiyaların sürətlə inkişafı və yeni tədqiqat metodlarının ortaya çıxması sayəsində mümkün olub. İndi tədqiqatçıların hər bir hüceyrəni ayrı-ayrılıqda öyrənmək imkanı var. Onlar təkcə hüceyrənin forması və zahiri görünüşünə deyil, həm də onun tərkibindəki bu və ya digər zülalların konsentrasiyasına diqqət yetirə bilərlər.

Alimlər hüceyrələri öyrənərkən vaxt keçdikcə onlarda nələr baş verdiyini, bu və ya digər xəstəliklərin inkişafı zamanı onların necə dəyişdiyini müəyyənləşdirməyi planlaşdırırlar. Bundan əlavə, alimlər orqan hüceyrələrinin bir-birindən necə fərqləndiyini öyrənəcək, bəlkə də orqanizmdə olan hüceyrələrin ümumi sayı barədə suala cavab verə biləcəklər.

Atlasın yaradılması bir neçə il davam edəcək. Ona giriş pulsuz olacaq. Atlasda toplanan informasiyadan bütün tədqiqatçılar istifadə edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.