ELM VƏ TƏHSİL


İnsan hüceyrələrində mutasiyaya uğramış genləri normal genlə əvəzləmək mümkündür

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) “CRISPR-Cas9 genom tənzimləmə sistemi” mövzusunda seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin biotexnologiya şöbəsinin insan genetikası qrupunun elmi işçisi Xaqani Eynullazadə seminarın əhəmiyyətindən danışıb. Qeyd edilib ki, son bir neçə ildə molekulyar genetikada edilmiş ən böyük kəşflərdən biri CRİSPR-Cas9 genom tənzimləmə sistemidir. Bu sistem bakteriyaların onlara hücum edən viruslara qarşı istifadə etdiyi müdafiə mexanizminə əsaslanır. Həmin mexanizmdən istifadə edərək bakteriyalar onların sitoplazmasına daxil olan virusların genlərini tanıya və onların DNT-lərini molekulyar dəqiqliklə kəsərək virusları kənarlaşdıra bilir. Müasir molekulyar genetik tədqiqatlar göstərir ki, CRİSPR-Cas9 mexanizmini modifikasiya edərək istənilən hüceyrədə, o cümlədən insan hüceyrələrində mutasiyaya uğramış genləri normal genlə əvəzləmək mümkündür. Hazırda bu metoddan bitki, heyvan və insan hüceyrələrində müxtəlif genetik modifikasiyalar aparmaqla istər mutant genlərin normal genlərlə əvəzlənməsində, istərsə də yeni hüceyrə xətlərinin yaranmasında istifadə edilir. Bu metodun əsas perspektivlərindən biri mayalanmadan sonra insan embrionunda mövcud olan bütün genetik qüsurları aradan qaldırmaq və genetik cəhətdən tam sağlam fərdlər yetişdirməkdir.

X.Eynullazadə, həmçinin bu metodu tətbiq etməklə yetkin şəxslərdə bir sıra xəstəliklərin (Hemaglobinopatiyalar, QİÇS, müxtəlif xərçəng növləri və s.) müalicəsini hədəfləyən klinik elmi tədqiqatların aparıldığını söyləyib. O, bu üsuldan istifadə etməklə bu il ABŞ-ın Nebraska Universitetində maya göbələkləri üzərində tədqiqat işi apardığını, metodikanı tam mənimsədiyini və tədqiqatlarını GEİ-də davam etdirməyi planlaşdırdığını bildirib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.