REGİONLAR
İnsan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyin artırılması ümdə məsələdir
Ucar, 25 iyun, AZƏRTAC
İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə iyunun 25-də Ucarda Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan ictimai dinləmə keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Heydər Əliyev Mərkəzində keçirilən dinləmədə hüquq mühafizə orqanlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, ziyalılar və gənclər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov tədbiri açaraq, insan hüquq və azadlıqlarının qorunması məsələsinin dövlətin prioritet vəzifələrindən biri olduğunu diqqətə çatdırıb, ölkəmizdə demokratik dəyərlərin mənimsənilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olunduğunu bildirib.
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova tədbirdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı məruzə edib. Məruzəçi 1995-ci ildə Azərbaycan Respublikasının Əsas Qanununun qəbulunun ölkəmizdə yeni hüquqi bazanın yaradılması ilə yanaşı, həm də müstəqil dövlət quruculuğu tarixində keyfiyyətcə yeni səhifənin başlanğıcı olduğunu diqqətə çatdırıb. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini söyləyən Ombudsman bu hüquqların təmin edilməsinin ölkəmizdə gedən demokratik proseslərin tərkib hissəsi kimi daim diqqət mərkəzində olduğunu vurğulayıb.
İctimai dinləmədə yuxarı icra hakimiyyəti orqanları rəhbərlərinin yerlərdə mütəmadi olaraq keçirdikləri görüşlərin, “ASAN xidmət”in təşkilinin insana diqqətin, insan hüquq və azadlıqlarının qorunmasına dövlət qayğısının parlaq nümunəsi olduğu bildirilib.
Tədbirdə Ombudsman təsisatının yaradılması, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlər, Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər hərtərəfli müzakirə olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.