REGİONLAR
İnsan hüquq və azadlıqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir
Kürdəmir, 25 may, AZƏRTAC
Kürdəmirdə rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində “Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, dini icma sədrlərinin, din xadimlərinin, təhsil, mədəniyyət və səhiyyə işçilərinin, ictimaiyyətin fəal nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Asif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov və başqaları çıxış ediblər. Natiqlər insan hüquqlarının təmin olunmasının və qorunmasının ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər. Vurğulanıb ki, 1998-ci ildə “İnsan hüquqlarına dair Dövlət Proqramı” qəbul edilib, Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə hər il 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.
Çıxışlarda, habelə ölkəmizin müstəqillik əldə etdikdən sonra qoşulduğu 250-dən artıq beynəlxalq müqavilənin yarıdan çoxunun birbaşa və ya dolayısı ilə insan hüquqları ilə bağlı olması diqqətə çatdırılıb. Qeyd edilib ki, həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri kimi insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatı yaradılıb ki, bu təsisat hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamıdır.
Çıxışlarda əsas insan hüquqlarından hesab edilən dini etiqad azadlığından, bu istiqamətdə respublikamızda, o cümlədən bölgədə görülən işlərdən və həyata keçirilən tədbirlərdən də ətraflı danışılıb.