REGİONLAR
İnsan hüquq və azadlıqlarının qorunmasında ədliyyə işçilərinin fəaliyyəti yüksək qiymətləndirilib
Yardımlı, 22 noyabr, Bağır Əliyev, AZƏRTAC
Yardımlı Rayon İcra Hakimiyyətində ədliyyə işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, ölkəmizdə ədliyyə sisteminin formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. O, vətəndaş cəmiyyətinin inkişafında, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasında ədliyyə işçilərinə uğurlar arzulayıb.
Yardımlı Rayon Məhkəməsinin sədri İlqam Həsənquliyev ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar məruzə ilə çıxış edib.
Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən, ölkəmizdə hər il noyabrın 22-nin ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu vurğulayan İ.Həsənquliyev bildirib ki, Azərbaycanda həyata keçirilən əsaslı islahatlar nəticəsində müstəqil məhkəmə hakimiyyəti bərqərar olub.
Bildirilib ki, Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə ədliyyə orqanlarının cəmiyyətdə rolunu daha da artırıb.
Toplantıda çıxış edənlər rayonun ədliyyə işçilərini əlamətdar gün münasibətilə təbrik ediblər. Natiqlər ölkəmizdə ədliyyə sisteminin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.