REGİONLAR
“İnsan hüquqları aylığı” çərçivəsində keçirilən görüşlər davam edir
Sumqayıt, 24 may, AZƏRTAC
Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt Dövlət Texniki Kollecin birgə təşkilatçılığı ilə mayın 24-də 18 iyun - Azərbaycanda Milli İnsan Hüquqları Gününə həsr edilən növbəti görüş keçirilib. Kollecin akt zalında keçirilən tədbirdə Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyev, şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə insan hüquq və azadlıqları haqqında videoçarx nümayiş olunub.
Tədbiri açan Sumqayıt Dövlət Texniki Kollecin direktoru Mətanət Pirquliyeva “İnsan hüquqları aylığı” çərçivəsində şəhərin ayrı-ayrı idarə, müəssisə və təşkilatlarında, ali və orta ixtisas təhsili müəssisələrində, o cümlədən Sumqayıt Dövlət Texniki Kollecində keçirilən maarifləndirici xarakterli görüşlərdən və Azərbaycanda Milli İnsan Hüquqları Gününün əhəmiyyətindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq edib və məhz bu tarix Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Milli insan hüquqları günü” elan olunub.
Sonra “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrasının uğurla təmin edilməsi, ölkədə həyata keçirilən hüquqi dövlət quruculuğu siyasəti, insan hüquq və azadlıqlarının qorunması istiqamətində görülmüş işlər haqqında ətraflı məlumat verilib.
Sonda iştirakçılara Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılıb.