REGİONLAR
İnsan hüquqları ilə bağlı növbəti ictimai dinləmə Lənkəranda təşkil edilib
Lənkəran, 13 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə növbəti ictimai dinləməni Lənkəranda keçirib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və BMT-nin insan hüquqları mexanizmləri” mövzusunda keçirilən ictimai dinləmədə rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin rəhbərləri, şəhər icra hakimiyyəti aparatının məsul işçiləri və KİV nümayəndələri iştirak ediblər.
İctimai dinləmədə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı və başqaları “İnsan hüquq və azadlıqlarına dair beynəlxalq standartlar və BMT-nin rolu”, “BMT-nin insan hüquqları sistemi”, “Milli insan hüquqları təsisatlarının və QHT-nin BMT-nin insan hüquqları mexanizmində rolu” və “İnsan hüquqlarının monitorinqi” mövzularında çıxış ediblər.
Çıxışlarda ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatların təbliği baxımından belə təlimlərin əhəmiyyəti yüksək dəyərləndirilib.
Təlimdə hər bir iştirakçıya “BMT-nin insan hüquqlarının müdafiəsi mexanizmləri” adlı vəsaitlər toplusu verilib.
Qeyd edək ki, ictimai dinləmə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının birgə təşkilatçılığı ilə reallaşıb.