CƏMİYYƏT
İnsan hüquqlarının qorunmasına həsr olunmuş maarifləndirici tədbirlər keçirilir
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi, Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyəti də İnsan Hüquqları Aylığı ilə əlaqədar keçirilən tədbirlərdə fəal iştirak edirlər. Şəhərin ümumtəhsil məktəblərində təşkil olunan belə tədbirlərdə polis əməkdaşları və polis veteranları insan hüquqları, hüquq bərabərliyi üzərində qurulmuş multikultural dəyərlərin, müasir, sivil cəmiyyətimizdəki əhəmiyyəti barədə çıxış edirlər.
Belə tədbirlərdən biri bu günlərdə Sumqayıt şəhərindəki 3 və 11 nömrəli tam orta məktəblərdə keçirilib. Şəhər Polis İdarəsi rəhbərliyinin təşəbbüsü ilə gerçəkləşən bu toplantılarda qeyd olunan məktəblərin direktorları, pedaqoji kollektivlərin nümayəndələri, psixoloqları, Sumqayıt şəhər Təhsil Şöbəsinin metodistləri iştirak ediblər.
Hər iki tədbirdə insan hüquqlarının qorunması, uşaq hüquqlarının müdafiəsi, dövlət başçımızın müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində” Milli Fəaliyyət Proqramının icrası barədə çıxışları şagirdlər maraqla dinləyiblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.