İQTİSADİYYAT
İnsan resurslarının təkmilləşdirilməsi vergi sistemində prioritet istiqamət olacaq
Bakı, 28 fevral, AZƏRTAC
Vergilər Nazirliyi insan resurslarının təkmilləşdirilməsi, peşəkar kadr hazırlığının daha yüksək səviyyəyə qaldırılması məsələsinə xüsusi diqqətlə yanaşır. 2017-ci ildə bu məsələ milli vergi sistemində prioritet fəaliyyət istiqaməti olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri vergilər naziri Fazil Məmmədov bildirib.
Vergilər naziri qeyd edib ki, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır. Bu məqsədlə Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” tvinninq layihəsi reallaşdırılıb. “Fransa və İspaniyadan olan tərəfdaşlarımızla birlikdə innovativ yanaşmaları olan, yeni baxışlara malik menecer qrupları formalaşdırılıb və artıq onlar yeni vergi siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar”.
F.Məmmədov onu da nəzərə çatdırıb ki, vergi xidməti əməkdaşlarının ümumi hazırlığının artırılması məqsədilə sertifikatlaşdırma proqramları icra olunur. Bu proqram müxtəlif səviyyəli sertifikatların əldə edilməsi üçün təlim və imtahandan ibarətdir və vergi işçisinin cari hazırlığını, vergi sahəsində bilik və bacarıqlarını daim artırmaq üçün stimuldur.