CƏMİYYƏT
İnsan təbiətlə harmoniyada yaşamalıdır
Bakı, 27 aprel, AZƏRTAC
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi 2001-ci ildən başlayaraq fəaliyyət göstərir. Bu müddət ərzində nümayəndəlik ölkəmizdə biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr reallaşdırıb. Hazırda Qafqazda bəbirlərin mühafizəsi, ceyranların reintroduksiyası, iqlim dəyişmələrinə qarşı meşə ekosistemlərinin dözümlüyünün artırılması istiqamətində layihələr həyata keçirir.
Beynəlxalq Yer Günü ilə əlaqədar WWF-Azərbaycan nümayəndəliyinin “Yer günü-365 gün” adlı ekoloji aksiyası da bu qəbildəndir. WWF-Azərbaycan nümayəndəliyinin əməkdaşlıq və əlaqələr üzrə meneceri Sevinc Saruxanova AZƏRTAC-a açıqlamasında bildirib ki, tədbirin məqsədi Yer kürəsinin qlobal problemlərinə diqqət çəkmək, bu mövzuda maarifləndirmə aparmaq və gəncləri, eləcə də bütün təbiətsevərləri ətraf mühitə qarşı daha diqqətli olmağa səsləmək idi. Yer planeti tarixən müxtəlif istiləşmə, buzlama dövrlərindən keçib. Son iki yüz ildə isə belə dəyişiklər insanın fəaliyyəti nəticəsində baş verib. Bioloji müxtəlifliyin itirilməsinə, qlobal iqlim dəyişmələrinə səbəb olan insan artıq təbiətə qayğı ilə yanaşmalı, onunla harmoniyada yaşamalıdır. Əks halda insan öz həyatını yer üzərində mümkünsüz edəcəkdir.
Onun sözlərinə görə, aksiya Mərkəzi Nəbatət bağında açıq havada 70-ə yaxın gəncin iştirakı ilə baş tutub. Ekoloji tədbir iştirakçıların Nəbabət Bağı ilə tanışlığı, Azərbaycanın zəngin biomüxtəlifliyi, nadir növləri haqqında təqdimatlar və müxtəlif interaktiv ekoloji oyunların keçirilməsi ilə yadda qalıb. Gənclər özləri ilə evdən dibçək gülü və ev heyvanlarını gətirərək aksiya iştirakçılarına onlar haqqında informasiya veriblər. Bundan əlavə, komandalar şəklində ekoloji mövzularda səhnəciklər nümayiş etdiriblər. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.