CƏMİYYƏT


“İnsan və vətəndaş hüquq və azadlıqları” kitabı çapdan çıxıb

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

“Elm və təhsil” nəşriyyatında “İnsan və vətəndaş hüquq və azadlıqları” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, nəfis tərtibatda nəşr edilən kitabın müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Həsən bəy Zərdabi mükafatı laureatı, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Lektorlar Şurasının üzvü Vüqar Sərdarovdur.

Kitabda insan və vətəndaş hüquq və azadlıqları sahəsində beynəlxalq təcrübədən, Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlərdən, qanunvericilik bazasından ətraflı söhbət açılıb. Nəşrdə insan hüquq və azadlıqlarına dair beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan Respublikasının XX əsrin sonunda müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə mühüm qanunvericilik aktlarını, o cümlədən müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etməsi, beynəlxalq konvensiyalara qoşulması və s. məqamlar əhatəli şəkildə oxuculara təqdim olunub. Bununla yanaşı, müasir dünyanın ən aktual problemlərindən olan insan hüquqlarının tarixinə ətraflı nəzər salınıb, hüquqi dövlət anlayışı, cəmiyyətin inkişafı ilə insanların öz hüquqları uğrunda başladıqları mübarizə barədə ətraflı məlumat verilib.

Nəşrdə müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının insan haqları ilə bağlı bütün beynəlxalq sənədlərdə əksini tapan normaları özündə cəmləşdirdiyi diqqətə çatdırılıb. Xüsusi vurğulanıb ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti qurmağı özünün ən mühüm vəzifələrindən biri elan edən Azərbaycan Respublikası müstəqil dövlətin ilk demokratik Konstitusiyasını qəbul etməklə bu sahədə mühüm addım atdı. Bundan başqa, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin hüquqi tənzimlənməsi, Konstitusiya Məhkəməsi, Konstitusiya nəzarəti və onun formaları, Konstitusiya Məhkəməsinin tərkibi, qərarlarının hüquqi qüvvəsi, habelə insan hüquqlarının beynəlxalq hüquq normalarına uyğunlaşdırılması və s. mövzular ətraflı təhlil olunub.

Hüquqşünaslar və insan haqları müdafiəçiləri üçün qiymətli vəsait olan nəşrin sadə və oxunaqlı dildə yazılması, söylənilən hər fikrin bu sahədə beynəlxalq və yerli qanunvericiliklə əsaslandırılması ilə insan və vətəndaş hüquqlarına dair əhali arasında geniş maarifləndirmə işinin aparılmasında əvəzsiz mənbədir.

Kitabın redaktoru Milli Məclisin deputatı Zahid Oruc, rəyçisi filologiya üzrə elmlər doktoru, professor, deputat Jalə Əliyevadır. “Ön söz”ün müəllifi isə siyasi elmlər doktoru, professor, deputat Elman Nəsirovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.