REGİONLAR
İnsanlara nur bəxş edən böyük oftalmoloq alim
Kürdəmir, 25 aprel, AZƏRTAC
Aprelin 25-də Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə “İnsanlara nur bəxş edən böyük oftalmoloq alim” mövzusunda “dəyirmi masa” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa” iştirakçıları Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtramla yad ediblər.
Tədbirdə əvvəlcə Zərifə xanım Əliyeva haqqında "Nur dolu ömür" filmi nümayiş etdirilib.
Tədbiri açan rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli qeyd edib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci idönümü həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda geniş qeyd olunur, əziz xatirəsi sonsuz məhəbbətlə anılır. O, Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, alimin bu sahədə apardığı elmi-tədqiqat işlərinin böyük səmərə verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.
“Dəyirmi masa”da çıxış edən rayon mərkəzi xəstəxanasının baş həkimi Nizami Feyzullayev, həkim-oftalmoloq Babək Tahirov və başqaları Zərifə xanımın tibb elmindəki xidmətləri ilə bərabər ictimai fəaliyyəti barədə də danışıblar. Qeyd olunub ki, fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.