CƏMİYYƏT


İnsanlara şəfa vermək istəyi

A+ A

Bakı, 27 avqust, AZƏRTAC

Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran həkimlərin xətrini el-obada həmişə əziz tutublar.

Xalqın inanıb etibar etdiyi həkim adını şərəflə və məsuliyyətlə daşıyanlardan biri də Elçin Kişiyevdir. O, 1967-ci ildə Lerik rayonunun Nuravud kəndində dünyaya göz açıb. Orta təhsilə doğulduğu kənddə yiyələnib. Orta məktəbi qurtardıqdan sonra bir il rayondakı tikinti idarəsində fəhlə işləyib. Sonra isə hərbi xidmətə yollanıb. Ancaq bu illərdə əyninə ağ xalat geyinmək, insanlara şəfa vermək istəyi onu bir an da olsun tərk etməyib. Uşaqlıqdan ən böyük arzusu həkim olmaq, insanların sağlamlığının keşiyində durmaq idi. Başa düşürdü ki, həkimlər bütün şüurlu həyatlarını insanların sağlamlığının qorunması kimi nəcib bir işə sərf edirlər. Beləliklə, Elçin arzularının dalınca Bakıya gəlir və 1987-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunur. Bu ali tibb müəssisəsini 1993-cü ildə müvəffəqiyyətlə bitirən Elçin Kişiyev 2009-cu ilədək Nuravud kəndində həkim işləyir.

Sevindirici hal odur ki, o, əksər insanların rahatlıq dalınca paytaxta üz tutduğu bir dövrdə kənddə işləməyi üstün tutub, belə demək mümkünsə, bir kəndin keşikçisidir, bir kəndin əhalisini xəstəliklərdən qoruyur. “Məni buna vadar edən ilk növbədə, doğma el-obaya bağlılıqdır. Digər tərəfdən isə kənd yerlərində həkimlərə ehtiyacın çox olmasıdır”, - deyə Elçin həkim bizimlə söhbətində bildirdi.

Hazırda Lənkəran rayonunun Həftuni qəsəbəsində həkim məntəqəsində çalışan Elçin Kişiyevi öyrənmək eşqi, seçdiyi peşənin bütün incəliklərinə bələd olmaq yanğısı heç vaxt rahat buraxmır. O, başa düşür ki, indiki texnologiyalar əsrində yerində saymaq olmaz. Elə buna görə də daim öyrənməyi vacib sayır. Onun uğurları da çoxdur. Ancaq ən böyük uğuru xalqın inamını qazanmasıdır. Xəstədə inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Əslində inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir. O, davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlara münasibətilə özünə inam yaratmağı bacarıb.

Belə bir deyim var: Həkim təkcə xəstənin bədənini deyil, ruhunu da sağaltmağı bacarmalıdır. Sanki bu sözlər Elçin həkim üçün deyilib. O, xəstəni müayinə və müalicə edərkən onun adət və vərdişlərini, əsəbi vəziyyətini, xəstəliyi doğuran obyektiv və subyektiv amilləri mütləq nəzərə alır. Elçin həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir.

Elçin Kişiyev həm də söz adamıdır, muğam, təsnif və xalq mahnılarımızın vurğunudur. Əbəs yerə deyilməyib ki, insanların əzab-əziyyətlərini, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar edib müvafiq tədbirlər görmək üçün adi həkim olmaq kifayət deyil. Bunun üçün həkim, həm də yaradıcı təfəkkürə sahib olmalıdır. Elə bu xüsusiyyətinə görə Elçin həkim xəstələrin ruhunu da müalicə edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.