CƏMİYYƏT
İnsanları yanğından xilas edərkən fərqlənmiş polis əməkdaşları mükafatlandırılıb
Bakı, 22 may, AZƏRTAC
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı cəsarət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardığına görə dünyanın nüfuzlu media orqanları tərəfindən "qəhrəman polis" adlandırılan polis əməkdaşı Elvin Abışovu və ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən fotomüxbir Orxan Əzimovu qəbul edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xidməti və vətəndaşlıq borclarını layiqincə yerinə yetirdiklərinə görə E.Abışova və O.Əzimova təşəkkür edən nazir fərqlənmiş əməkdaşların Prezidentin tapşırığı ilə dövlət təltiflərinə təqdim olunacaqlarını, eyni zamanda, onların mükafatlandırılması barədə müvafiq əmrlər imzaladığını bildirib.
Nazir R.Usubov yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuş dövlət qurumlarının, o cümlədən polisin fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə "Report.az" informasiya agentliyinin fotomüxbiri Orxan Əzimova Daxili İşlər Nazirliyinin Fəxri fərmanını təqdim edib.