REGİONLAR


İnşası başa çatan Mədrəsə qəsəbə tam orta məktəbinin binası yeni dərs ilində istifadəyə veriləcək

A+ A

Şamaxı, 9 sentyabr, AZƏRTAC 

Sentyabrın 8-də Şamaxıda təhsil işçilərinin ənənəvi konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət sarayında keçirilən konfransda təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev 2015-2016-cı tədris ilində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib.

Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olunub. Bildirilib ki, şagirdlərin müasir tələblərə cavab verən tədris ocaqlarında təhsil almaları üçün son illər respublikamızın hər yerində olduğu kimi, Şamaxıda da yeni məktəb binaları tikilib istifadəyə verilib, bir sıra məktəblərdə əsaslı təmir işləri aparılıb. Belə ki, ötən tədris ilində rayonun Şərədil kənd ümumi orta məktəbi üçün 80 yerlik yeni bina tikilərək Novruz bayramı ərəfəsində şagirdlərin istifadəsinə verilib. Rayonun Mədrəsə qəsəbə tam orta məktəbi üçün 380 yerlik məktəb binasının tikintisi tam başa çatdırılıb və yeni dərs ilində açılışı nəzərdə tutulub.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, Təhsil Nazirliyinin hüquq şöbəsinin sektor müdiri Rasim Verdiyev çıxış edərək, 2015-2016-cı tədris ilində əldə olunan uğurlar və yol verilən nöqsanlar barədə danışıblar.

Konfransda qarşıdakı dərs ilinə hazırlıq, təhsilin keyfiyyətinin daha da yüksəldilməsinin zəruriliyi, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə olunması, istedadlı şagirdlərlə işin səmərəli təşkili və digər aktual məsələlər ətrafında da müzakirə aparılıb.

Sonda 2016-cı ildə ali məktəblərə qəbul imtahanlarından 600-dən yuxarı bal toplayan 14 məzuna rayon icra hakimiyyətinin fəxri fərmanı, qiymətli hədiyyələr və pul mükafatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.