İQTİSADİYYAT
İnstitusional islahatlar sahəsində İsveçrə Milli Bankı Mərkəzi Bank üçün başlıca tərəfdaşlardandır
Bakı, 13 iyul, AZƏRTAC
İnstitusional islahatlar sahəsində İsveçrə Milli Bankı Azərbaycan Mərkəzi Bankı üçün başlıca tərəfdaşlardandır.
Mərkəzi Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov İsveçrə Milli Bankının sədri Tomas Yordanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Görüşdə çoxillik qarşılıqlı sıx əməkdaşlıq tarixinə nəzər salan E.Rüstəmov makroiqtisadi siyasət məsələləri, eləcə də institusional islahatlar sahəsində İsveçrə Milli Bankının Azərbaycan Mərkəzi Bankı üçün başlıca tərəfdaşlardan olduğunu xüsusi vurğulayıb. Azərbaycan Mərkəzi Bankına göstərilən genişmiqyaslı texniki yardım proqramlarına görə İsveçrə Milli Bankına minnətdarlığını bildirən E.Rüstəmov bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini bildirib. Daha sonra E.Rüstəmov ölkədə aparılan iqtisadi islahatlar, bu proseslərdə Mərkəzi Bankın yaxından iştirakı, son illər aparılan pul və məzənnə siyasəti, əldə edilən nəticələr, yeni çağırışlara uyğun nəzərdə tutulan monetar islahatlar, eləcə də Bankın tədqiqat potensialı barədə məlumat verib.
Azərbaycanda səfərdə olan T.Yordan ölkəmizin yüksək sosial-iqtisadi uğurlarını xüsusi qeyd etməklə səfərdən aldıqları gözəl təəssüratdan danışıb. O, öz növbəsində, Azərbaycan Mərkəzi Bankı ilə uğurlu əməkdaşlığı qeyd edib və İsveçrə Milli Bankı tərəfindən Azərbaycan Mərkəzi Bankına göstərilmiş texniki yardımların müsbət nəticələnməsindən məmnunluğunu ifadə edib.
Görüş zamanı, həmçinin iki təşkilat arasında müxtəlif əməkdaşlıq istiqamətləri barədə geniş müzakirələr aparılıb.
İsveçrə Milli Bankının sədri Azərbaycan Mərkəzi Bankında, həmçinin bir sıra işgüzar görüşlər və təqdimat keçirib. Mərkəzi Bankın əməkdaşları üçün "Hazırkı kontekstdə İsveçrə Milli Bankının pul siyasəti" mövzusunda təqdimatla çıxış edərək pul siyasətinin yeni alətləri, müasir şəraitdə qlobal və regional səviyyələrdə siyasi və iqtisadi dəyişikliklər fonunda pul siyasətinin dizaynı barədə nəzəri və praktiki biliklərini paylaşıb.