ELM VƏ TƏHSİL
İnstitutda elmin inkişafı ilə bağlı müzakirələr aparılıb
Bakı, 26 noyabr, AZƏRTAC
Noyabrın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda AMEA-nın 70 illiyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin məruzəsi ilə əlaqədar bu elm müəssisəsinin qarşısında duran vəzifələr və onların həlli yolları müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, professor İlham Məmmədzadə Prezident İlham Əliyevin elmə daim böyük önəm verdiyini bildirib.
Müasir dünyada elmin mühüm rolunu qeyd edən professor İ. Məmmədzadə rəhbərlik etdiyi elm müəssisəsinin fəaliyyəti və qarşıda duran vəzifələrdən danışıb. Alim qeyd edib ki, AMEA-nın 70 illiyinə həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin məruzəsi alimlər qarşısında yeni və mühüm vəzifələr qoyub. Elmin inkişafı üzrə yeni dövr üçün strategiyanın və dövlət proqramının hazırlanmasının vacibliyi əsaslandırılıb.
İclasda fəlsəfə elmləri doktoru Füzuli Qurbanov elmlərarası, fənlərarası tədqiqatların əhəmiyyətindən bəhs edib, multidistplinar baxımdan yeni elmi metodların tətbiqinin zəruriliyini diqqətə çatdırıb.
Digər alimlərin də çıxışları dinlənilib.