ELM VƏ TƏHSİL
İnstitutun iki əməkdaşı beynəlxalq assosiasiyaya üzv qəbul edilib
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Torpaqların aqroekologiyası və bonitirovkası” laboratoriyasının aparıcı elmi işçiləri - biologiya elmləri üzrə fəlsəfə doktoru Məhluqə Yusifova və aqrar elmlər üzrə fəlsəfə doktoru Kəmalə Nuriyeva elmi fəaliyyətlərinə və xaricdəki nəşrlərinə görə “Amerika Elm və Texnika Assosiasiyası”na üzv qəbul ediliblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu əməkdaşlar beynəlxalq sahədə elmi fəaliyyətlərindəki uğurlarına və assosiasiyaya üzv qəbul edildiklərinə görə beynəlxalq assosiasiyanın sertifikatı ilə təltif ediliblər.
İnstitut əməkdaşlarının assosiasiyanın “Kənd təsərrüfatı elmləri və təbii ehtiyatlar beynəlxalq jurnalı”nın (“International Journal of Agricultural Sciences and Natural Resources”) 2015-ci il aprel nömrəsinə “Azərbaycan Respublikası Qarabağ düzü suvarılan torpaqlarının ekoloji vəziyyətinin qiymətləndirilməsi” adlı məqalələri qəbul edilib.
Həmçinin, M.Yusifova və K.Nuriyevanın ABŞ-ın “Yer elmləri üzrə açıq əlaqələr” (“Open Transactions on Geosciences”), “Kənd təsərrüfatı və biologiya elmləri” (“Agricultural and Biological Sciences Journal”) jurnallarının müxtəlif nömrələrində “Kür-Araz ovalığı torpaqlarının keyfiyyətcə qiymətləndirilməsi” və “Azərbaycan Respublikası Lənkəran vilayətinin üzüməyararlı torpaqlarının aqroekoloji qiymətləndirilməsi” mövzusunda məqalələri dərc olunub.