REGİONLAR
İntellektual yarışın regional seçim turunda İsmayıllı komandası fərqlənib VİDEO
Qax, 12 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 28-i Azərbaycanın əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) respublika üzrə intellektual yarışa start verib. Yarışın ilkin seçim turlarının 9 regionda keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, növbəti seçim turu aprelin 12-də Qax şəhərində keçirilib. Şəhər 4 saylı tam orta məktəbdə təşkil olunan yarışda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarını təmsil edən komandalar iştirak edib. Komandaların tərkibinə dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 5 məktəbli daxil edilib.
Tədbirin rəsmi hissəsində Qax rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova və AQUPDK-nin əməkdaşı Pərviz Əliyev çıxış edərək, görkəmli alimin mənalı ömür yoluna qısa nəzər salıb, Zərifə Əliyevanın Tanrının Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.
Diqqətə çatdırıb ki, 6 regionda seçim turları artıq başa çatıb və Bərdə, Ağstafa, Siyəzən, Biləsuvar, Qubadlı, Abşeron rayonlarını təmsil edən komandalar fərqlənərək intellektual yarışın final mərhələsinə vəsiqə qazanıblar.
Zərifə Əliyevanın xatirəsinə həsr olunan “Nur dolu ömür” filminin nümayişindən sonra yarışlara start verilib. Görkəmli alimin həyat və fəaliyyəti ilə bağlı sualları daha tez və doğru cavablandıran İsmayıllı rayonunun komandası seçim turunun qalibi olub və yarışın final mərhələsində iştirak etmək hüququ qazanıb.
Final mərhələsi aprelin 28-də Bakı şəhərində keçiriləcək.