İDMAN
“İnter” AZAL üzərində inamlı qələbə qazanaraq liderliyi ələ keçirib
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında altıncı tura start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış günündə bir görüş oynanılıb. Bakının AZAL və “İnter” komandaları üz-üzə gəlib.
Şüvəlandakı “AZAL Arena”da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
Əvvəlcə qonaq komandanın futbolçusu Nizami Hacıyev ilk hissənin sonunda on bir metrlik cərimə zərbəsini dəqiq yetirməklə hesabı açıb. AZAL Nuqzar Kvirtiyanın 54-cü dəqiqədə vurduğu qolla hesaba tarazlıq gətirib. Heç-heçə ilə barışmayan “İnter” meydan sahibi komandanın qapısından bir dəqiqəyə iki top keçirib. Rauf Əliyev (63) və Ağabala Ramazanov (64) vurduqları qolla komandasına qalibiyyət qazandırıb.
Bununla da “İnter” 14 xalla turnir cədvəlində liderliyi ələ keçirib. AZAL isə ardıcıl dördüncü məğlubiyyətlə üzləşib və bir xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, sentyabrın 25-də Premyer Liqa daha iki oyunla davam edəcək. “Kəpəz” Gəncədə “Qarabağ”ı, “Zirə” isə evdə “Qəbələ”ni qəbul edəcək. Turun son görüşü sentyabrın 27-də olacaq. “Neftçi” “Əlincə Arena”da “Sumqayıt”ı qəbul edəcək.