REGİONLAR


“İnter Textile” Açıq Səhmdar Cəmiyyətində istehsal olunan ipliklərin 99 faizi ixrac edilir

A+ A

Sumqayıt, 27 iyul, AZƏRTAC 

Sumqayıtda fəaliyyət göstərən “İnter Textile” Açıq Səhmdar Cəmiyyətində istehsal edilən ipliklər Türkiyə, Almaniya, Portuqaliya, Belçika, Bolqarıstan, Polşa, Misir və Rusiyaya ixrac olunur.

AZƏRTAC xəbər verir ki, müəssisə 1974-cü ildə “Sumqayıt Üst Trikotaj Fabriki” kimi təsis edilib, 2000-ci ildə “Sumqayıt Trikotaj” Açıq Tipli Səhmdar Cəmiyyəti, 2008-ci ildən isə “İnter Textile” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir. Bir neçə istehsal sahəsi olan fabrikdə hazırda 500-dən çox işçi çalışır və orta aylıq əmək haqqı 360 manat təşkil edir.

Fabrikin tərkibi 100 faiz pambıq olan iplik istehsal sahəsində 2 növ təkqat iplik istehsal edilir. Quraşdırılmış avadanlıqlar Almaniya, İtaliya və İsveçrə istehsalıdır. Avadanlıqların illik istehsal gücü 3500-4000 ton təkqat iplikdir. Bununla yanaşı, illik istehsal gücü 1500-2000 ton olan ipliklərin cütləmə-burma sahəsi də fəaliyyət göstərir. İstehsal edilən ipliklərin 99 faizi ixrac edilir. Hazırda Türkiyə, Almaniya, Portuqaliya, Belçika, Bolqarıstan, Polşa, Misir və Rusiyaya iplik ixrac olunur.

İplik istehsalından yaranan ilkin tullantıların bir hissəsinin təkrar emalda istifadə edilməsi və istehsalın səmərəliliyini artırmaq məqsədilə fabrikdə müasir avadanlıqlar quraşdırılıb. Bu avadanlıqların köməyi ilə ilkin tullantıların 50 faizə qədəri yenidən pambıq mahlıcı kimi istehsala qaytarılır.

Trikotaj məhsullarının istehsalı sahəsində əsasən Türkiyədən gətirilən akril ipliklərdən və fabrikin istehsalı olan sonradan boyanmış pambıq ipliklərindən kişi, qadın və uşaqlar üçün müxtəlif növ trikotaj məhsulları istehsal edilir. Burada tam avtomatlaşmış trikotaj toxuma avadanlıqları quraşdırılıb.

Fabrikdə bütün sahələri əhatə edən yüksək keyfiyyətli geyimlər istehsal olunur.

Qadınlar üçün üst geyimlərinin tikişi sahəsində dəbdə olan və hər zövqə cavab verən geyimlər istehsal edilir. Köynək istehsalı sahəsində isə əsasən Türkiyədən idxal edilən və tərkibi 100 faiz pambıq olan parçalardan istifadə olunur. İllik istehsal gücü 100 min ədəd köynəkdir. Burada müasir naxış vuran texnoloji maşınlar quraşdırılıb. Bu naxış vuran texnoloji maşınlar geyimlərə istənilən naxışın vurulmasına imkan yaradır.

Fabrikin ənənəvi istehsal sahələrindən biri də xalça istehsalı sahəsidir. Burada bitki mənşəli boyalardan istifadə etməklə, Azərbaycanın bütün xalçaçılıq məktəblərinin çeşnilərini görmək olar.

Müəssisədə fəaliyyət istiqamətinə uyğun olaraq ixtisaslı və peşəkar kadrlara real tələbat var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.