REGİONLAR


“İnter-Tobacco” MMC-nin rəsmisi: Bu il ölkə üzrə quru tütün istehsalının 3 min tona çatacağı proqnozlaşdırılır VİDEO

Zaqatala, 11 iyul, Mustafa Dadaşov, AZƏRTAC

“İnter-Tobacco” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə bu günədək fermer təsərrüfatlarından 745 ton “Virciniya” növlü yaşıl tütün kütləsi daxil olub. Mövsümün əvvəlindən indiyədək isə bu emal məntəqələrində 58 ton quru tütün istehsal edilib.

Bu barədə AZƏRTAC-a Məhdud Məsuliyyətli Cəmiyyətin sədr müavini, Zaqatala tütün istehsalı və emalı məntəqəsinin müdiri Mübariz Qədimov məlumat verib.

Cəmiyyətin rəsmisi bildirib ki, həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində cari mövsümdə tütün sahələrində bol məhsul yetişdirilib. Ümumiyyətlə, bu il ölkə üzrə quru tütün istehsalının 3 min tona çatacağı proqnozlaşdırılır.

AZƏRTAC-ın müxbiri yaşıl tütün yarpağının qəbulu və emalı prosesi ilə yaxından tanış olmaq məqsədi ilə Zaqatala tütün istehsalı və emalı məntəqəsində fermerlərlə görüşüb.

Hər gün məntəqəyə 30-35 ton yaşıl tütün kütləsi gətirilir. Tütünün qurudulması üçün məntəqədə 56 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Hazırda kameraların 35-nə qurudulmaq üçün tütün qoyulub. İndiyədək bu məntəqəyə fermer təsərrüfatlarından 400 ton yaşıl tütün kütləsi gətirilib, 50 tondan çox quru tütün istehsal olunub. Yaşıl tütün kütləsinin bir kiloqramının satış qiyməti növündən asılı olaraq, 10-25 qəpik arasında dəyişir.

Fermerlərlə söhbət zamanı onlar məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.

Əliabad qəsəbəsindən olan aqronom-fermer Zakir İsayev AZƏRTAC-a bildirib ki, ötən il 5,5 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib, sahələrdən 51 tondan çox yaşıl tütün kütləsi toplayıb, yaxşı da qazanc əldə edib. Dövlətin bu sahəyə dəstəyindən, həmçinin ötən il əldə etdiyi gəlirdən ruhlanan fermer bu il əkin sahəsini daha da genişləndirərək 20 hektara çatdırıb. Tütün sahəsində bol məhsul yetişib və fermer indiyədək məntəqəyə 6 ton yaşıl tütün kütləsi təhvil verib. Zaqatalalı fermer cari mövsümdə sahələrdən 150 tona yaxın yaşıl tütün kütləsi əldə etməyi qarşısına məqsəd qoyub. Hazırda bu təsərrüfatda 25 nəfər mövsümi işlə təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.