REGİONLAR


“İnter-Tobacco” MMC respublikamızda tütünçülüyün inkişafına mühüm töhfələr verir VİDEO

A+ A

Zaqatala, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanda tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Bu gəlirli sahə uzun illər diqqətdən kənarda qalsa da, son dövrlər Azərbaycan Prezidenti tərəfindən tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən davamlı və məqsədyönlü tədbirlər nəticəsində respublikamızda tütünçülük yenidən dirçəldilməyə başlayıb.

Dövlət tütünçülüyün inkişafına öz dəstəyini verir

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında hazırda tütünçülüyün inkişafına çox böyük marağın olduğunu vurğulayaraq deyib: “Tütünçülük də çox gəlirli sahədir. Əfsuslar olsun ki, bu sahə uzun illər diqqətdən kənarda qalmışdır. İndi biz tütünçülüyü də bərpa edəcəyik. Ənənəvi bölgələrdə tütünçülüklə məşğul olanlar da buna hazır olsunlar. Dövlət öz dəstəyini verir və verəcək. Eyni zamanda, tütünün alınması üçün dövlət öz dəstəyini göstərməlidir və göstərəcəkdir”.

Nazirlər Kabinetinin bu ilin doqquz ayının yekunlarına həsr olunan iclasda isə dövlətimizin başçısı tütünçülüyün inkişafının respublikamıza böyük imkanlar yaradacağını diqqətə çatdıraraq deyib: “Tütünçülüklə 14 rayonda məşğuldurlar. Bilirəm ki, bu yaxınlarda müəyyən edilən subsidiyalar rayon sakinlərini ruhlandırdı və dövlət də öz dəstəyini mütləq verməlidir. Quru tütünün ixracı ilə bağlı ciddi problemlər yoxdur. Ölkələr var ki, onu alırlar, gözləyirlər. Biz oraya daha da çox ixrac etməliyik”.

Qeyd edək ki, bu sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyev oktyabrın 5-də “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə emal müəssisələrinə satılmış quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilməsi müəyyən edilib. Bu subsidiya 2016-cı ildə istehsal edilib emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil olunur.

“İnter-Tobacco” MMC ölkəmizdə müasir tütün sənayesinin inkişafında mühüm rol oynayır

Respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “İnter-Tobacco” MMC şimal-qərb rayonlarında 2007-ci ildən fəaliyyət göstərir. Həmin ildən etibarən cəmiyyət tərəfindən Zaqatala, Qax və Şəki rayonlarında “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə başlanılıb. 2008-ci ilin sentyabrında Prezident İlham Əliyevin xeyir-duası ilə Zaqatala rayonunun Aşağı Tala kəndində cəmiyyətin ilk tütün istehsalı və emalı məntəqəsi açılıb. 2010-cu ilin iyulunda isə Zaqatala rayonunda illik istehsal gücü 3,5 min ton olan tütün emalı zavodu istifadəyə verilib. Açılışında dövlətimizin başçısının da iştirak etdiyi bu zavod ölkəmizdə müasir tütün sənayesinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

“İnter-Tobacco” MMC-nin direktoru Fazil Rüstəmov AZƏRTAC-a müsahibəsində zavodun fəaliyyəti və respublikamızda tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Direktorun bildirdiyinə görə, hazırda cəmiyyətin Zaqatala, Qax və Şəki rayonlarında 3 tütün istehsalı və emalı məntəqəsi, həmçinin Zaqatala rayonunun Yuxarı Tala kəndində tütün emalı zavodu fəaliyyət göstərir. Tütün qəbulu məntəqələrinin hər birində Bolqarıstanın “Ronis” şirkətinin istehsalı olan 60 ədəd odla tütünqurutma kamerası quraşdırılıb. Bu kameraların üstün cəhəti odur ki, yaşıl tütün kütləsi sahələrdən birbaşa məntəqəyə gətirilir və qurudulmaq üçün kameralara qoyulur. Tütün istehsalçıları artıq yaşıl tütünün ipə düzülməsi kimi çətin, əziyyətli və vaxtaparan işdən azad olublar. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 6-8 gün çəkir. Bu proses başa çatdıqdan sonra quru tütün emal olunmaq üçün zavoda göndərilir.

Zaqatala tütün emalı zavodu MDB-də ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir

“İnter-Tobacco” MMC-nin Zaqatala tütün emalı zavodu nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB-də ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir. Zavodda ABŞ, İtaliya və Almaniya istehsalı olan ən son texnoloji avadanlıq quraşdırılıb. Məntəqələrdən zavoda daxil olan quru tütün yarpaqları bu avadanlıq vasitəsilə yenidən nəmləndirilir, zoğdan ayrılır, didilir, qurudulur və uzun müddət saxlanma imkanına malik xammal istehsal edilir. Xammal daha sonra karton yeşiklərə preslənərək qablaşdırılır və zavodun anbarlarına yığılır.

Cəmiyyətin rəsmisinin sözlərinə görə, 2015-ci ildə zavodda istehsal edilən 260 ton xammal əsasən Rusiyaya ixrac olunub. Cari ildə isə ixracla bağlı Rusiya ilə yanaşı, Ukrayna, Belarus və Gürcüstanla da danışıqlar aparılıb. Tezliklə xammalın alıcılara göndərilməsinə başlanılacaq. Xammal, eyni zamanda, respublikanın daxili bazarlarına da çıxarılacaq.

Goranboy, Tovuz, Qazax, Masallı, Yardımlı və Lerik rayonlarında da ətirli tütün növü əkilib

Zavod yeni fəaliyyətə başlayan zaman cəmiyyət tərəfindən respublika ərazisində yalnız üç rayonda – Zaqatala, Qax və Şəki rayonlarında 102 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkilmişdisə, 2016-cı ildə əkin sahələri artırılaraq 1780 hektara çatdırılıb. Cari ildə ilk dəfə olaraq şimal-qərb rayonları ilə yanaşı, Goranboy, Tovuz, Qazax, Masallı, Yardımlı və Lerik rayonlarında da ətirli tütün növü əkilib.

Cəmiyyətin rəsmisinin bildirdiyinə görə, bu il tütün yığımı dövründə, yəni oktyabrda davamlı olaraq yağış yağması, həmçinin noyabrın ilk günlərində havaların şaxtalı keçməsi məhsuldarlığa müəyyən təsir göstərsə də, tütünçülər cari mövsümdə cəmiyyətə məxsus tütün sahələrindən 15 min ton yaşıl kütlə tədarük ediblər. Emal prosesində tədarük olunmuş yaşıl kütlədən 1500 ton quru tütün istehsal edilməsi proqnozlaşdırılır. Bu günədək zavodda 187 ton quru tütün emal edilərək satış üçün tam hazır vəziyyətə gətirilib.

“İnter-Tobacco” MMC: 2020-ci ilədək tütün əkini sahələrinin 10 min hektara çatdırılması əsas hədəfimizdir

Gələn il “İnter-Tobacco” MMC tərəfindən respublikamızda 3 min hektar sahədə tütün əkilməsi planlaşdırılır. Ümumiyyətlə, dövlətimizin başçısının tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini nəzərə alaraq, 2020-ci ilədək cəmiyyətə məxsus tütün əkini sahələrinin 10 min hektara çatdırılması əsas hədəf olaraq qarşıya qoyulub.

Şübhə etmirik ki, “İnter-Tobacco” MMC-nin kollektivi tütünçülüyün inkişafı ilə bağlı dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə bundan sonra da öz layiqli töhfəsini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.