İDMAN
“İnter” – “Sumqayıt” oyununda hesab açılmayıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da “İnter Arena”da futbol üzrə Topaz Premyer Liqasının XIX turuna start verilib.
AZƏRTAC xəbər verir ki, “İnter” və “Sumqayıt” komandalarının üz-üzə gəldiyi ilk oyunda qapılara qol vurulmayıb.
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyundan sonra təşkil edilən mətbuat konfransında “İnter” həmişə çətin rəqib olduğunu bildirib: “Buna baxmayaraq, bu gün yaxşı oyun sərgilədik. Sona qədər mübarizə aparan futbolçulara təşəkkür edirəm. Qələbə əldə edə bilməsək də 1 xal qazandıq. Hücumda zəif deyildik, sadəcə “İnter” boşluqlar yaratmadı”.
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze isə qeyd edib: “Yaxşı oyun alındı. Məncə, Türkiyə toplanışından sonra komanda barədə çox danışdıq. Belə demək mümkünsə, gözə gəldik. Penaltini ona görə Yohan vurdu ki, Baçana meydançada yox idi. Penalti vuranların sıralamasında Baçana birincidir. Amma mən penaltini qola çevirə bilməyən Yohanı qınamıram. Belə hallar olur. Komandadan getmə məsələm barədə danışmaq istəmirəm. Çünki mən çempionatın qarşıdakı oyunlarına köklənmişəm”.