İDMAN
“İnter” klubu Avroliqada “Mladost”a qarşı keçirəcəyi ilk matçda iştirak etmək üçün Serbiyadadır
Bakı, 27 iyun, AZƏRTAC
Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “İnter” futbol klubu Serbiyanın paytaxtı Belqraddadır.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi birinci təsnifat mərhələsinin iyunun 29-da “Mladost” komandası ilə səfərdə keçirəcəyi ilk matçında iştirak etmək üçün bu ölkəyə yollanıb.
Bakı komandası baş məşqçi Zaur Svanadzenin rəhbərliyi ilə bu gün və iyunun 28-də bir məşq keçirməyi planlaşdırır.
İki klub arasında Serbiyada keçiriləcək Avroliqa oyununu rusiyalı hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi Aleksandr Matyunin olacaq. Ona yan xətt hakimləri Anton Kobzev və Aleksey Lunev kömək edəcəklər. Qarşılaşmada dördüncü hakim funksiyasını Yevgeni Turbin yerinə yetirəcək.
İyunun 29-da “Luçani” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, “Mladost” komandası ilə “İnter” arasındakı cavab oyunu bir həftə sonra – iyulun 6-da Bakıda “Dalğa Arena”da saat 21:00-da olacaq.