İQTİSADİYYAT
İnteraktiv dərs: İnternet təhlükələrindən müdafiə yolları
Bakı, 31 may, AZƏRTAC
Abşeron rayonunun 5 saylı orta məktəbində “İnternetdə olan təhlükələr və ondan müdafiə yolları” mövzusunda interaktiv dərs keçirilib. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş dərsdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin marketinq departamentinin əməkdaşları məktəblilərə internet təhlükələrindən danışıblar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verilib, informasiya texnologiyalarının və internetin həyatımızdakı rolundan söhbət açılıb. Diqqətə çatdırılıb ki, hazırda ölkəmizdəki məktəblərdə müasir texnologiyalarla təchiz olunmuş baza yaradılıb, şagirdlərin İKT biliklərini artırması üçün hər cür şərait təmin olunub.
İnternetin əlçatanlığı sayəsində qısa zaman kəsiyində istənilən elmi, tarixi, mədəni, həmçinin təhsillə bağlı məlumatları asanlıqla əldə etmək mümkündür. Ancaq təəssüf ki, bu imkanlardan bəzən mənfi, məqbul olmayan məqsədlər üçün də istifadə edilir. Məhz bu səbəbdən geniş seçim imkanı yaradan sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, xüsusən uşaqların psixologiyasına mənfi təsir edən zərərli kontentlərdən qorumaq vacibdir.
Daha sonra şagirdlər zorakılığı və digər bu növ informasiya mənbələrini təbliğ edən resurslardan qorunmaq, internetdən təhlükəsiz şəkildə istifadə etməyin yolları barədə ətraflı məlumatlandırılıb. Həmçinin şagirdlərin mövzu ilə bağlı fikirləri də dinlənilib.
Qeyd edək ki, ölkəmizin digər şəhər və rayonlarında da analoji tədbirlər keçiriləcək.