REGİONLAR
İnteraktiv konfransda adları Dövlət İmtahan Mərkəzinin bazasında olan 645 nəzarətçi-müəllim iştirak edib
Naxçıvan, 7 iyun, AZƏRTAC
Nəzarətçi-müəllimlərin təlimatlandırılmasına dair Naxçıvanda keçirilən interaktiv konfransda adları Dövlət İmtahan Mərkəzinin bazasında olan 645 nəfər iştirak edib.
AZƏRTAC xəbər verir ki, konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin müdiri Sabir Məmmədov “2016-2017-ci tədris ilində regional bölmənin gördüyü işlər və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Bildirib ki, cari tədris ili ərzində nəzarətçilər bazası üzərində təkmilləşdirmə işləri həyata keçirilib. Bazaya daxil olan nəzarətçi-müəllimlər üçün fevral ayında muxtar respublikanın bütün rayonlarında seminarlar təşkil olunub və onların Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq, buraxılış və qəbul imtahanlarında iştirakı təmin edilib, heç bir qayda pozuntusu baş verməyib.
“İmtahanların keçirilməsi üçün 7-si Naxçıvan şəhərində, 10-u isə muxtar respublikanın rayon mərkəzlərində olmaqla, 17 imtahan binasında yoxlama işləri aparılıb, binaların sxemləri dəqiqləşdirilib”, - deyən Sabir Məmmədov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında Dövlət İmtahan Mərkəzinin 2017-ci ildə ali məktəblərə hazırlaşan abituriyentlər üçün keçirdiyi 2 sınaq imtahanı aparılıb.
Ali təhsil müəssisələrinə birinci qəbul imtahanı II və III qruplar üzrə aprel ayının 30-da, I və IV qruplar üzrə may ayının 7-də keçirilib. Ali təhsil müəssisələrinə ikinci qəbul imtahanı isə II və III qruplar üzrə iyul ayının 14-də, I və IV qruplar üzrə iyul ayının 22-də keçiriləcək. Tam orta təhsillərini cari ildə başa vuran abituriyentlər üçün V qrup üzrə qəbul imtahanı keçirilməyəcək. Onlar ixtisasların seçimi müsabiqəsində buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edəcəklər. Digər abituriyentlər üçün qəbul imtahanının iyul ayının 5-də keçirilməsi nəzərdə tutulur.
Vurğulanıb ki, bu ilin tədbirlər planına uyğun olaraq regional bölmənin qarşısında sınaq, buraxılış və qəbul imtahanları zamanı qarşıya çıxan problemlərin həll edilməsi kimi bir sıra mühüm vəzifələr durur. Konfransın keçirilməsində məqsəd də qarşıdan gələn qəbul imtahanlarının şəffaf və obyektiv keçirilməsini təmin etməkdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, regional bölmə və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə ilk dəfə keçirilən bu konfrans çərçivəsində 16 mərkəzlə onlayn əlaqə yaradılıb və internet üzərindən 645 nəzarətçi-müəllim eyni anda konfransda iştirak edə bilib.
Məmməd Qəribov onu da bildirib ki, 2016-cı il “Abituriyent” jurnalının 12-ci sayında imtahan nəticələrinin statistik göstəricilərinə əsasən muxtar respublika ilk beşlikdə yer alıb.
Konfrans bölmələrlə qarşılıqlı diskussiya şəklində davam edib, suallar cavablandırılıb.