CƏMİYYƏT
“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru “Rossotrudniçestvo”nun “Dostluğa və əməkdaşlığa görə” Fəxri nişanı ilə mükafatlandırılıb VİDEO
Bakı, 10 iyul, Pərvanə Rəhimova, Kamilla Əliyeva, AZƏRTAC
“Rossotrudniçestvo” Agentliyi “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanovu “Dostluğa və əməkdaşlığa görə” Fəxri nişanı ilə mükafatlandırıb.
AZƏRTAC xəbər verir ki, mükafatı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin başçısı Valentin Denisov təqdim ediblər.
“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanov yüksək mükafatı qəbul edərək deyib: “Mən fəxr edirəm və özümü xoşbəxt sayıram. Bu yüksək mükafata görə minnətdarlığımı bildirirəm. Uzun illər məni dəstəkləyən və yanımda olan hər kəsə təşəkkür edirəm”.
Aleksandr İvanov vurğulayıb ki, “Rossotrudniçestvo”nun əsas missiyası beynəlxalq əlaqələrin möhkəmlənməsinə, humanitar sahədə sıx əməkdaşlığın yaranmasına hədəflənən layihələri həyata keçirməkdir.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin başçısı, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov çıxış ediblər.
Rusiya səfiri V.Doroxin A.İvanovu təkcə Fəxri nişan alması münasibətilə deyil, həm də qarşıdan gələn yubileyi münasibətilə təbrik edərək deyib:
“Aleksandr Alekseyeviç kimi insanların Azərbaycanda nə qədər qaldığını bilmirəm, amma bu insan nümunə götürmək üçün parlaq örnəkdir. Onun ürəyində Azərbaycana və Rusiyaya məhəbbət birləşib. Sevindirici haldır ki, çağdaş Azərbaycan-Rusiya münasibətlərini dostluq və əməkdaşlıq səciyyələndirir”.
“İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru sonda qeyd edib ki, bu yüksək mükafat həm də ikitərəfli əməkdaşlığın hərtərəfli inkişafına böyük səylər göstərən ölkələrimizin və onların rəhbərlərinin uğurunun təsdiqi deməkdir”.