CƏMİYYƏT
İnternat məktəbin məzunları üçün aşpazlıq kursları təşkil olunur
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyi tərəfindən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbin məzunları üçün aşpazlıq kursları təşkil olunur.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, üç aylıq kursa 30-dan çox gənc qatılıb.
Təlimçilər gələcək aşpazları mətbəxdə təhlükəsizlik qaydaları ilə tanış ediblər. Mətbəxdə ərzaqların, yeyinti məhsullarının təhlükəsiz yerdə saxlanılması haqqında məlumat verilib. Daha sonra kulinar Məlahət Salahova uşaqlara müxtəlif yeməklərin hazırlanma qaydası ilə tanış edib, onların suallarını cavablandırıb.
Kursun sonunda iştirakçılara diplomlar təqdim olunacaq.