MƏDƏNİYYƏT
İnternat məktəbində “Arşın mal alan” operettası nümayiş etdirilib
Bakı, 18 sentyabr (AZƏRTAC). Sentyabrın 18-də paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində Təhsil Nazirliyinin dəstəyi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Marionet” teatrı “Arşın mal alan” operettasını nümayiş etdirib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Milli Musiqi Günü münasibətilə keçirilən və sentyabrın 20-dək davam edəcək bu aksiyada internat məktəbinin şagirdlərinə hər gün iki tamaşa göstəriləcək.
Tədbirdə qeyd edilən internat məktəbinin şagirdləri ilə yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 və 2 nömrəli tam orta internat məktəbləri, 11 nömrəli inteqrasiya təlimli internat məktəbi və 1 nömrəli ailə tipli kiçik qrup evinin şagirdləri də iştirak edirlər.