ELM VƏ TƏHSİL
İnternat məktəbində Novruz şənliyi
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində Novruz bayramı münasibətilə şənlik keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən şənlik Novruz personajları olan Bahar qızı, Kosa və Keçəlin gəlişi ilə başlanıb.
İnternat məktəbinin həyətində keçirilən bayram şənliyində görmə imkanları məhdud uşaqların ifasında Novruz bayramının adət-ənənələri ilə bağlı səhnəciklər nümayiş olunub, milli rəqslərimiz təqdim edilib. Şagirdlər Kosa və Keçəl ilə birgə rəqs edib, mahnı oxuyub, musiqi alətlərində ifa ediblər.
Novruzun ölkəmiz, xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışan məktəbin direktoru İradə Vəzirova vurğulayıb ki, əsrlərboyu Azərbaycan xalqı bu bayramı qeyd edib, milli adət-ənənələrini qəlbində yaşadıb. O bildirib ki, Novruzun dövlət səviyyəsində qeyd olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd edək ki, 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulan internat məktəbi 2015-2016-cı ildə Təhsil Nazirliyi tərəfindən cari təmir olunub. Müəssisədə 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 94 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Son üç ildə internat məktəbinin məzunlarından 14 nəfəri ali, 11 nəfəri isə orta ixtisas müəssisələrinə qəbul olunub