ELM VƏ TƏHSİL
İnternat məktəblərinə xüsusi qayğı göstərilir
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinin 80 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə məktəbin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov internat məktəblərinə göstərilən dövlət qayğısından danışıb. Nazir Heydər Əliyev Fondunun təşəbbüsü ilə internat məktəblərinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü vurğulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.
Məktəbin direktoru İradə Vəzirova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir edilib.
Eyni zamanda, diqqətə çatdırılıb ki, internat məktəbində 311 nəfər gözdən əlil və zəif görən şagird təhsil alır.
Sonra internat məktəbinin bir qrup əməkdaşına “Qabaqcıl təhsil işçisi” döş nişanı təqdim olunub.
Tədbirdə şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.