CƏMİYYƏT
İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsi başa çatıb
Bakı, 2 fevral, AZƏRTAC
İnternat və uşaq evlərində həyata keçirilən “Ədəbiyyat saatı” layihəsi başa çatıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, “Ədəbiyyat saatı” layihəsinin məqsədi valideyn himayəsindən məhrum olan yeniyetmə və gənclər arasında bədii ədəbiyyata marağı artırmaqdır.
Layihə çərçivəsində Sabunçu və Xəzər rayonlarındakı valideyn himayəsindən məhrum uşaqlar üçün 1 və 2 nömrəli internat məktəblərində altı təlim keçirilib. Həftəsonları təşkil edilən təlimlərdə jurnalist-yazar Vüsalə Məmmədova və yazar Sevinc Elsevər iştirak ediblər. Uşaqların dünyagörüşünün, ədəbi-bədii zövqünün formalaşması, düşünmək və düşüncələrini ifadə edə bilmək vərdişlərinin cilalanması, nitq mədəniyyətinin inkişafı məqsədi daşıyan təlimlərdə onlara uşaq ədəbiyyatı nümunələri oxunub. Davamlı keçirilən təlimlərdə uşaqlar onlara paylanılan kitabları oxuyub, təlimçilərlə şagirdlər əsərləri birgə təhlil edib, müzakirələr aparıblar.
Təlimlərdə uşaqlara “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusu da təqdim olunub. Dərginin növbəti nömrəsində çap olunmaq üçün internat uşaqları arasında müsabiqə elan edilib. Müsabiqədə qalib gələn hekayə və şeirlər “Yemlik” dərgisinin növbəti nömrəsində işıq üzü görəcək.