CƏMİYYƏT
İnternat və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinə başlanılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə internat məktəblərində və uşaq evlərində “Ədəbiyyat saatı” layihəsinə başlanılıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi valideyn himayəsindən məhrum olan yeniyetmə və gənclər arasında bədii ədəbiyyata marağı artırmaqdır.
Layihə çərçivəsində ilk təlimlər Xəzər rayonundakı valideyn himayəsindən məhrum uşaqlar üçün 2 nömrəli internat məktəbində keçirilib. Həftə sonları təşkil edilən təlimlərdə jurnalist, yazar Vüsalə Məmmədova və yazar Sevinc Elsevər iştirak ediblər. Uşaqların dünyagörüşünün, ədəbi-bədii zövqünün formalaşması, düşünmək və düşüncələrini ifadə edə bilmək vərdişlərinin cilalanması, nitq mədəniyyətinin inkişafı məqsədi daşıyan təlimlərdə onlara uşaq ədəbiyyatından nümunələr oxunub. Sonra əsərlərin təhlili ilə bağlı müzakirələr aparılıb. Uşaqlara kitablar paylanılıb, növbəti görüşdə müzakirəyə çıxarılacaq əsərlərin oxunması tövsiyə edilib.
Təlimlərdə “Yazı” ədəbiyyat dərgisinin əlavəsi olan “Yemlik” uşaq toplusu da uşaqlara təqdim edilib. Dərginin növbəti nömrəsində çap olunmaq üçün internat uşaqları arasında müsabiqə elan edilib.